“Gözləmədiyim halda mənə elə şillə vurdu ki, sözlərimi unutdum, üzr də istəmədi”
"Heç vaxt qapı döyməmişəm, 40 filmə çəkilmişəm, çox da ola bilərdi" "Dedilər ki, bizim teatrlar sənin kimi aktrisalar üçün ağlayır"
"Bu illər ərzində 40 filmə çəkilmişəm. Bəlkə də daha çox filmim ola bilərdi, əgər gördüklərini çəksəydilər. Aktrisaların vəziyyəti bir az başqa cür olur. Hər şey çətinliklə ərsəyə gəlir. Özümü heç vaxt gözə soxmamışam. Heç kimin işinə qarışmamışam, danışmamışam. Bu da bir xasiyyətdir. İstəsəm də başqa cür ola bilmərəm. İndiyə qədər qapı döyməmişəm. Bu bəlkə də mənim böyüdüyüm ailədən irəli gəlirdi"
meqale.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Zemfira Sadıqova deyib. "Mən xarakterik, mənfi rollar oynamaq istəyirəm. Bir dəfə bunu rejissordan xahiş edəndə mənə dedi ki, siz axı həyatda mənfi xarakterə malik insan deyilsiz. Dedim ki, bu yaxşıdır da. Əks xasiyyətli rolları oynamaq daha çətindir. Ana rolları oynamışam. Əslində oynadığım analar da fərqlidir" deyə sənətkar deyib.
Aktrisa bildirib ki, ailəsində heç kim onun bu sənətdə olmağını istəməyib. "Aktrisa olmağımı nə atam istəyirdi, nə də ki, anam. Acıq edib, bir il sənədlərimi heç bir instituta vermədim. Dedim ki, heç oxumuram. Bacımın təkidi ilə sənədlərimi iqtisadiyyata verdim. Yarım il oxudum. Hər dəfə Teatr institutunun yanından keçəndə ağlayırdım ki, mənim yerim buradır. Elə oldu ki, rektorun yanına gedib dedim ki, mən burada oxumaq istəyirəm. Rza Təhmasib, Müxlis Cənizadə, Adil İsgəndərov kimi görkəmli sənətkarlar məni imtahana çəkdilər. Dedilər ki, bizim teatrlar sənin kimi aktrisalar üçün ağlayır. Sənədlərimi gətirib verdim incəsənətə" deyə aktrisa bildirib.