Dollarla bağlı proqnoz verildi: 2026-cı ildə kurs belə olacaq
Azərbaycanda devalvasiya narahatlığı hər zaman mövcud olub. Əhali arasında dolların manata nisbətdə qiymətinin arta biləcəyi ehtimalı hələ də qalır. 2015-ci ilin fevral və dekabr aylarında baş verən devalvasiyanın üstündən 10 ildən çox keçməsinə baxmayaraq, əhali bunun hər an təkrarlana biləcəyi qorxusunu yaşayır.
Bugünlərdə Maliyyə Nazirliyinin hazırladığı "Vətəndaşın büdcə bələdçisi"ndə 2026-cı ildə makroiqtisadi sabitliyin qorunması məqsədilə milli valyutanın mübadilə məzənnəsinin sabitliyi - manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,7 manat səviyyəsində qalması dəstəklənəcək bəyanatı isə bu narahatlığı müəyyən qədər azaltdı.
Buna baxmayaraq, 2026-cı ildə Azərbaycanda dolların bahalaşması istisna edilmir. Dünyada baş verən gözlənilməz hadisələr - müharibələr, qlobal iqtisadiyyatdakı dalğalanmalar, neftin dünya bazarındakı qiyməti bu ehtimalı aktuallaşdırır.
meqale.com xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, ölkədə dolların məzənnəsi Mərkəzi Bankın müvafiq qərarları əsasında tənzimlənir.
Onun sözlərinə görə, hazırkı mərhələdə Azərbaycanın makroiqtisadi göstəriciləri kifayət qədər yüksəkdir:
"Dövlət Neft Fondunun vəsaitləri 80 milyard dollardan artıqdır, Mərkəzi Bankın valyuta ehtiyatları isə 11 milyard dolları ötür. Bu, ölkənin maliyyə təhlükəsizliyi üçün mühüm təminat yaradır. Eyni zamanda, əsas ixrac məhsulumuz olan neftin dünya bazarındakı qiyməti hazırda dövlət büdcəsində nəzərdə tutulan səviyyəyə uyğundur və ölkəyə kifayət qədər valyuta axını təmin edir. Bununla yanaşı, qeyri-neft sektorunda müəyyən artım müşahidə olunsa da, bəzi istiqamətlər üzrə, xüsusilə neft hasilatında təxminən 25 faizə yaxın azalma qeydə alınıb. Bu isə ölkəyə daxil olan valyuta həcminə müəyyən təsir göstərir. Bütün bunlara baxmayaraq, hazırda manatın məzənnəsində kəskin dəyişiklik və ya ciddi devalvasiya üçün əsaslı iqtisadi zəmin yoxdur".
İqtisadçı onu da bildirib ki, makroiqtisadi göstəricilər, xüsusilə də valyuta ehtiyatlarının həcmi və dövlətin maliyyə dayanıqlığı manatın sabitliyini dəstəkləyir: