Bad Bunny 16 milyon dollarlıq məhkəməyə çağırıldı
Məşhur reper Bad Bunny hüquqi mübahisənin mərkəzinə düşüb. Gənc musiqiçi Taynali Serrano Rivera, onun səsləndirdiyi ifadənin icazəsiz şəkildə mahnılarında istifadə edildiyini iddia edərək 16 milyon dollar təzminat tələb edib.
meqale.com xəbər verir ki, iddiaçı bildirib ki, onun səsləndirdiyi "Mira, puñeta, no me quiten el perreo" ifadəsi reperin "Solo de Mi" və "EoO" mahnılarında yer alıb. İspan dilindən tərcümədə ifadə "Bax, lənət, məndən perreonu alma" mənasını verir.
Rivera iddia edir ki, həmin səsyazmanı 2018-ci ildə Bad Bunny-nin uzunmüddətli prodüseri Roberto Rosado xahişi ilə hazırlayıb. Həmin dövrdə hər ikisi Aresibo şəhərindəki Interamerikan Universitetində təhsil alırmış.
O vurğulayıb ki, səsyazmanın kommersiya məqsədilə istifadəsi barədə ona məlumat verilməyib və heç bir razılaşma və ya müqavilə imzalanmayıb. İddia ərizəsində həmçinin qeyd olunur ki, ifadə zamanla məşhurlaşıb və artıq Bad Bunny ilə assosiasiya olunur. Rivera bildirir ki, reper onu konsertlərdə səsləndirir və merch məhsullarında istifadə edir.
Hazırda Bad Bunny və digər cavabdehlərin nümayəndələri bu iddialara rəsmi açıqlama verməyiblər.