Şvabenin özü korrupsiyaya bulaşmış bir şəxsdir - Tural Gəncəliyev

Almaniya Bundestaqının üzdəniraq üzvü, özünün "məşhur" azərbaycanofobiya, türkofobiya fikirləri ilə tanınan və erməni lobbisinin dünya erməniçiliyinin əlində bir alət kimi ad çıxarmış Frank Şvabe ölkəmizə qarşı qarayaxma kampaniyasına yeni start verib.

Şvabenin özü korrupsiyaya bulaşmış bir şəxsdir - Tural Gəncəliyev
Almaniya Bundestaqının üzdəniraq üzvü, özünün "məşhur" azərbaycanofobiya, türkofobiya fikirləri ilə tanınan və erməni lobbisinin dünya erməniçiliyinin əlində bir alət kimi ad çıxarmış Frank Şvabe ölkəmizə qarşı qarayaxma kampaniyasına yeni start verib.

Onun Azərbaycanla bağlı sərsəm açıqlamaları, ölkəmizə, xalqımıza qarşı fikirləri şişirdilmiş şəkildə, vüsətlə yayılmaqdadır. Təbii ki, bütün bunlar Frank Şvabenin Azərbaycana qarşı hərəkət edən qüvvələrin erməni lobbisinin əlində bir oyuncaq olduğunun göstəricisidir. Frank Şvabe xeyli müddətdir ki, ölkəmizə qarşı fəaliyyət göstərir və onun son zamanlar qarayaxma kampaniyasında daha aktiv iştirak etməsi sübut edir ki, Azərbaycanın 2020-ci ildə, 44 günlük müharibədən sonra əldə etdyi möhtəşəm zəfər, yeni-yeni uğurlar, 2023-cü ilin sentyabrında ölkəmizin bütün ərazilərində suverenliyimizin tam bərpa edilməsi bu kimi qara qüvvələri xeyli narahat edib.

Xüsusilə nəzərə alsaq ki, Azərbaycan Respublikası hərbi, diplomatik və qlobal səviyyədə çox önəmli nəticələr əldə edib və bir neçə aydan sonra keçirilməsi nəzərdə tutulan COP29 kimi mötəbər bir beynəlxalq tədbirin başlanması ərəfəsində belə qara qüvvələrin aktivləşməsi də bizi təəccübləndirmir. Çünki Frank Şvabe kimiləri ölkəmizdə keçirilən nüfuzlu tədbirlərin mühüm nəticələrini şübhə altına almaq üçün mütəmadi olaraq qarayaxma kampaniyaları keçirir.

Axı Şvabenin özü korrupsiyaya bulaşmış bir şəxsdir. Onun təmsil olunduğu partiyanın nümayəndələri müxtəlif ölkələrin xəfiyyələrinə işləməkdə ad çıxarıblar. Məsələn, Şröder bu günə qədər də "Qazprom"da təmsil olunur. Görəsən, Şvabe bu barədə niyə danışmır? Angela Merkelin isə uzun müddətdir SSRİ "KQB"nin agentura şəbəkəsində olduğu danılmaz fakta çevrilib.

Onsuz da uzun illər Azərbaycana qarşı həyata keçirdiyi qərəzli fəaliyyət Şvabenin kimliyini tam mahiyyəti ilə ortaya qoyur. O, erməni lobbisinin əlində açıq şəkildə istifadə olunan bir kart kimi daim Türkiyə və Azərbaycana qarşı xüsusi canfəşanlıqlar göstərib.

Frank Şvabe "məşhur" islamofob, türkofob, azərbaycanofob kimi rol oynamağı öz üzərinə götürüb və biz onun siyasi "karyerasına" nəzər saldıqda görürük ki, Almaniyanın müvafiq ərazisindən seçilməsinə baxmayaraq, o, daha çox erməni lobbisinin və erməniçiliyin maraqlarına xidmət etməkdədir. Digərlərinin maraqlarına xidmət etməyi, alətə çevrilməyi öz üzərinə götürmüş bir "siyasətçi", təbii ki, öz ölkəsinin, seçildiyi ərazinin problemlərindən daha çox məhz azərbaycanofobiya ilə məşğuldur.

Onu idarə edən havadarları Azərbaycanın əldə etdiyi böyük uğurları həzm edə bilmirlər, bu səbəbdən də Frank Şvabe kimi oyunçulardan cılız alət kimi istifadə edərək, öz qarayaxma kampaniyalarını həyata keçirməyə çalışırlar. Görünür, Almaniya kansleri Şoltsun Prezident İlham Əliyevlə görüşləri, o cümlədən, Londondakı son görüşü Şoltsun düzgün siyasət yeritdiyini göstərir, lakin bu məsələlər Şvabe kimiləri narahat edir və bu təlaş nəticədə anti-Azərbaycan təfəkkürü daha da həyəcanlandırır.

Təbii ki, bütün bu cəhdlər bizə mane ola bilməyəcək və Azərbaycan dostluq, qarşılıqlı əməkdaşlıq sayəsində, hər zamankı kimi, dünyanın böyük güc mərkəzlərini öz orbitində saxlaya biləcək. Azərbaycan özünün güclü lideri, ordusu, xalqımızın şücaəti, qəhrəmamlığı ilə çox dərin layları tərpədib. Lakin heç bir qüvvə ölkəmizin bu uğurunu, nüfuzunu əlindən ala bilməyəcək, onun gəkəcək planlarını poza bilməycək. Bu səbədən də Frank Şvabe kimi cılız oyuncaqlar tarixdə yalnız öz sahiblərinin dedikləri ilə çıxış edən, bu səhnədə müəyyən rol alaraq ondan maksimum yararlanan şəxslər kimi qalacaqlar.

Bütün bu kimi cəhdlər Azərbaycana qarşı ədalətsiz mövqenin göstəricisidir və bilavasitə Azərbaycanın Qarabağda öz suverenliyini, ərazi bütövlüyünü bərpa etməsi ilə əlaqədardır. Prezident İlham Əliyevin qətiyyəti, iradəsi, rəşadəti sayəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Bu dairələr isə qələbəmizi və uğurlarımızı qəbul edə bilmir, Şvabe kimi "siyasətçi"ləri qabağa verərək, ondan Azərbaycana qarşı bir alət kimi istifadə edirlər.

Tural Gəncəliyev Miilli Məclisin deputatı