Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən əcnəbilərə hökm oxundu
Bu ilin yayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən üç Səudiyyə Ərəbistanı vətəndaşının məhkəmə araşdırması başa çatıb.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən əcnəbilər qəbir üzərində təhqiredici hərəkət etməkdə təqsirli biliniblər. Səudiyyə Ərəbistanı vətəndaşları - Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad və Alzaman Mahdi hər biri ayrı-ayrılıqda 2 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə qeyd edilir ki, onlar cəzalarını bitirən kimi ölkədən çıxarılmalıdırlar.
Xatırladaq ki, hadisə bir neçə ay əvvəl baş verib. Polisin keçirdiyi əməliyyatla onlar Səbail rayonunun Salyan şosesində yerləşən "Panarama" hoteldə tutulublar.
Məhkəmədə hər biri törətdikləri əmələ görə Azərbaycan xalqından üzr istəyiblər.