Xəstəlik geni yaradır - Hər gün istəmədən biraz yeyirik
Mikroplastik nəsil sağlamlığını dəyişdirir.
meqale.com xəbər verir ki, Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, mikroplastiklərlə təmasda olan siçanların erkək fərdlərində spermanın tərkibi dəyişir və bu, onların nəslində metabolik pozğunluqların yaranma riskini artırır.
Araşdırmanın nəticələri "Journal of the Endocrine Society" jurnalında dərc olunub.
Təcrübələr göstərib ki, mikroplastiklərlə təmas yalnız erkək siçanlarda çəki artımı və ya metabolik problemlərə səbəb olmur, həm də onların nəslində, xüsusilə dişi balalarda, diabet və digər metabolik xəstəliklərin inkişafına gətirib çıxara bilər. Dişi nəslin qaraciyərində qan şəkəri tənzimləyən və iltihabla bağlı genlərin fəaliyyəti artmışdır. Erkək nəslində bu dəyişikliklər minimal olub.
Alimlər bildirirlər ki, təsir DNT zədələnməsi ilə bağlı deyil. Mikroplastik spermadakı kiçik RNT molekullarını dəyişdirərək erkəkdən nəsilə ötürülən gen ifadəsini idarə edir və erkən embrion inkişafını "yenidən proqramlaşdırır".
Araşdırma heyvanlarda aparılsa da, nəticələr plastik çirklənməsinin həm fərdi, həm də nəsillərarası sağlamlıq üçün təhlükə yarada biləcəyini göstərir.
Qeyd edək ki, mikroplastiklər ölçüsü çox kiçik olan plastik hissəciklərdir, adətən 5 millimetrdən kiçik olurlar. Onlar plastik əşyaların parçalanması nəticəsində yaranır və su, torpaq, hava kimi ətraf mühitdə geniş yayılır. İnsanlar və heyvanlar bu hissəcikləri içməli su, qida və havadan qəbul edə bilirlər.