Azərbaycan benzini Ermənistanda satışa çıxarıldı - 1,93 AZN-ə

Dekabrın 23-dən etibarən Azərbaycan istehsalı olan benzin Ermənistanda satışa çıxarılıb. 

Azərbaycan benzini Ermənistanda satışa çıxarıldı - 1,93 AZN-ə
Dekabrın 23-dən etibarən Azərbaycan istehsalı olan benzin Ermənistanda satışa çıxarılıb. 

meqale.com xəbər verir ki, bu barədə "Radio Azatutyun" məlumat yayıb. 

Bildirilib ki, "Ran Oil" şəbəkəsinin yanacaqdoldurma məntəqələrində "Aİ-95" markalı benzinin litri 430 drama (1,93 AZN) satılır. 

"Bu, premium sinif benzinin cari bazar qiymətindən (520 dram) əhəmiyyətli dərəcədə aşağıdır", - Azərbaycan yanacağını alan "Mega Treyd" şirkətinin direktoru Karen Xayriyan bildirib. 

Azərbaycandan alınan "Aİ-95" markalı benzinin Rusiyadan idxal edilən yanacaqdan 17% daha ucuz qiymətə satılacağı qeyd olunur. 

Məlumata görə, "Mega Treyd" şirkəti 600 ton benzini birbaşa idxal etməyib, vasitəçi şirkətdən alıb. Vasitəçi şirkətin adı isə açıqlanmır. 

Xatırladaq ki, dekabrın 18-də 22 vaqona yüklənmiş 1220 ton "Aİ-95" markalı yanacaq Ağstafadan Gürcüstana yola salınıb. Göndərilən neft məhsullarının ilk partiyası dekabrın 19-da Ermənistana çatıb.

Qeyd edək ki, hazırda Azərbaycanda "Aİ-95" markalı benzinin 1 litrinin qiyməti 1.60 AZN-dir.