Rus döyüşçü UFC-dən uzaqlaşdırıldı
Rusiyalı MMA döyüşçüsü Vyaçeslav Borşev uğursuz çıxışlardan sonra UFC təşkilatından kənarlaşdırılıb.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə UFC-nin mətbuat xidməti açıqlama yayıb. Qeyd olunub ki, 33 yaşlı idmançının son dövrdəki nəticələri gözləntiləri doğrultmayıb.
Borşev 2025-ci il ərzində ardıcıl üç dəfə məğlubiyyətlə üzləşib. O, son döyüşünü noyabr ayında UFC 322 turnirində keçirib və braziliyalı Mateus Kamilloya hakimlərin yekdil qərarı ilə uduzub.
Xatırladaq ki, Vyaçeslav Borşev 2021-ci ilin oktyabrında "Dana White's Contender Series" turnirində şotlandiyalı Kris Dunkanı nokautla məğlub etdikdən sonra UFC ilə müqavilə imzalamışdı.