Böyük millət və kiçik xislət: bu adam nəyin davasını döyür?

Xalqların taleyi bəzən ağrılı, fəlakətli tufandan salamat çıxmış gəmini xatırladır. Gəmi amansız mübarizəni uğurla bitirib, zədələnmiş yönlərini, xətər almış dənizçilərin səhhətlərinin bərpası dönəmidir. Və bu zaman qəflətən gəminin göyərtəsində bir sərnişin peyda olaraq qışqırmağa başlayır: "Vaveyla! Tufan zamanı zənbilimdən dənizə beş alma düşdü. Qaytarın almalarımı, dərhal, təcili!" Həmin sərnişin sifətinə qəzəbli görkəm verərək elə durub ki, sanki gəmi heyəti ilə bahəm, dənizdəki bütün gəmilərin adamları ona borcludur.

Böyük millət və kiçik xislət: bu adam nəyin davasını döyür?
Xalqların taleyi bəzən ağrılı, fəlakətli tufandan salamat çıxmış gəmini xatırladır. Gəmi amansız mübarizəni uğurla bitirib, zədələnmiş yönlərini, xətər almış dənizçilərin səhhətlərinin bərpası dönəmidir. Və bu zaman qəflətən gəminin göyərtəsində bir sərnişin peyda olaraq qışqırmağa başlayır: "Vaveyla! Tufan zamanı zənbilimdən dənizə beş alma düşdü. Qaytarın almalarımı, dərhal, təcili!" Həmin sərnişin sifətinə qəzəbli görkəm verərək elə durub ki, sanki gəmi heyəti ilə bahəm, dənizdəki bütün gəmilərin adamları ona borcludur.

Zəngilan rayon sakini Yaşar Cəfərovla bağlı vəziyyət də təxminən eynidir. Ağrılı yox, tragikomik, qrotesk. O, sosial şəbəkələrdə videomüraciət yayaraq Qarabağ savaşı dönəmində məcburi köçkün düşdüyünə görə ona dəymiş zərərin, malına və mülkünü itirdiyinə görə "təzminat"ın ödənməsini tələb edir.

Bu haqlı tələb, adekvat istək, ədalətli çağırışdırmı? Əsla. Elə həmin sosial şəbəkədə insanlarımız Yaşar Cəfərovun çıxışını hiddətlə qarşılayıblar. Çünki...

Çünki o, Vətən və torpaq, ulus və yaşam uğrunda savaşın getdiyi, şəhidlərimizin qanları ilə suvarıldığı torpaqda duraraq hiss alveri ilə məşğul olmağa çalışır. Sanki əyalət teatrının tələbat duyulmayan aktyoru təki səhnəyə şığıyaraq Şekspir qəhrəmanının monoloqunu söyləyir və özünü də qəhrəman sayır. Videomüraciətində o, intonasiyaları seçməyə, ahəngini "kədərli" etməyə çalışır. Deyir ki, bəs yandırılan, dağıdılan, itirilən, əldən gedən nəyi varsa, dövlət "mütləq təzminat ödəməlidir".

Halonki məcburi köçkün və ya qaçqın düşən vətəndaşımızın, savaşda qazi olan insanımızın Dövlət Babadan belə tələbi absurddur.

Dövlət, Vətən, Ulus hamımızındır - hamımız da onlar qarşısında əbədən borcluyuq. Bunu etiraf etməyənlər, dananlar, inkar edənlər, vətənpərvərliyi merkantillik, faydakarlıq sananlar belə.

30 il xalqımız uçurumun kənarında idi. 30 il yüz minlərlə insanımız vaqonlarda, çadırlarda, darısqal otaqlarda yaşadılar. 30 il Dövlət Baba onların hamısına kömək etməyə çalışdı. Kimi ev aldı, kimi mənzil. Yardımlar, güzəştlər, imtiyazlar, dəstək - onların hamısı üçün oldu.

Həmin sənələr ərzində Yaşar Cəfərovun minnətdarlıq etməkçün xeyli vaxtı və imkanları vardı. Di gəl, nə edəsən ki, bəzi insanlarda minnətdarlıq - məhdud istifadə müddətli bir hissdir. Tələblər, istəklərsə tam əksinə - artmaq xüsusatına malikmiş. Xüsusilə də indi - "Böyük Qayıdış"la on minlərlə insanımız yurd yerlərinə dönəndə, Dövlət Baba milyardlarla manatlıq bərpa və rekonstruksiya işləri görəndə, işğaldan azad edilmiş ərazilərdə kəndlərimiz, şəhərlərimiz, qəsəbələrimiz faktiki olaraq yenidən tikiləndə. Daşı daş üstə qoyulmamış yurd yerlərimiz dirçələndə, kökslərimiz qürurlananda "Bəs mənim bir abbasım?!" qışqırtısı nə qədər xınclı səslənir, deyilmi? Fəqət, bərkdən gələn səs hələ haqq səsi deyil.

Yaşar Cəfərovun videomüraciətinə verilən reaksiyalar və cavablar da bunu göstərir. Məcburi köçkünlündən dədə yurduna dönən insana qədər ağrılı yol keçmiş insanlarımız səsin və deyilənlərin yanlış olduğunu dərhal anladılar. Və yazdılar.

Sən nə edirsən?! Sən nədən danışırsan?! Sən şəhidlərimizi, qazilərimizi unutdunmu?!

Bilirsinizmi, insan nəhəng itkilərin, azman igidliyin kölgəsində xırdavatçılıq edəndə bu, heç yaxşı görünmür. Çünki insanlarımız, cəmiyyətimiz üçün ən böyük dəyərlər ədalət, haqq, ləyaqət, unutmamaqdır. Onları almaq, satmaq, yetihdirmək mümkün deyil.

Onları sosial şəbəkələrdə videomüraciət yaymaqla əldə etməksə heç olmaz. Çüni onlar yaddaşın, sayğının, minnətdarlığın, ümumi ağrının və ümumi sevincin olduğu qəlbdə olur, yetişir, böyüyür. Bəli, Yaşar Cəfərov - sən nə zamansa evinini itirdin.

Bizimsə şəhərlərimiz, kəndlərimiz işğalda qalmışdı. Sən əmlakını, malını-mülkünü itirdin. Bizsə minlərlə gəncimizin həyatlarını güllələr altında qoyduq. Sən mal-qaranı, davarını itirdiyini deyirsən. Bizsə övladlarımızı, əzizlərimizi itirdik. Sən təzminat istəyirsən.

Bəs yaxşı, onda nur üzlü şəhidlərimizin ailələri Dövlət Babadan nə istəməlidir? Onlar hesabı kimə göstərməli, Yaşar Cəfərov?

Dövlət Baba qaçqınları və məcburi köçkünləri gecə-gündüz qayğısında, diqqətində saxladı. Dövlət Baba onları unutmadı, yaddan çıxarmadı. Yardım etdi, dəstəklədi, barğına basdı, müalicə etdi, ayırdı, yaratdı - 30 il ərzində kimsə kənarda qalmadı.

Qalmadı, Yaşar Cəfərov...

İndi Zəngilən həyata qayıdanda, viranəliklər abad kəndlər olanda, yeni yollar "Böyük Qayıdış"ın qan damarlarına çevriləndə, yeni tikilən evlər bahar otundan daha tez ucalanda kimsə qəflətən qərara gəlir ki, onun itirdikləri Ümumi Yoldan daha önəmlidir.

Belə anlarda anlayırsan və utanırsan ki, Qələbə sınağından hamı keçə bilmir.

Məğlubiyyət insanları güclü və təpərli, qəzəbli və qisaslı edirsə, Qələbə insanın bətnini, mahiyyətini açır. Qələbə kimin qəlbində ağrı, kiminsə qorxu gəzdirdiyini göstərir. Kimin mübarizə apardığını, kimin gözlədiyini aşkarlayır. Kimin xalqın bir zərrəsi olduğunu, kiminsə ölkəni və dövləti öz fərdi tələbatının ödənməsi üçün xidmət mərkəzi hesab etdiyini üzə çıxarır.

Yaşar Cəfərov mübarizədən ağrı ilə yox, kalkulyatorla çıxdı.

Yaddaşla yox, iradla. Qələbə duyğusu ilə yox, hesab siyahısı ilə.

Di gəl tarix yaman inadkar nəsnədir. O, keçmişlə hesablaşmaq istəyənləri sevmir. Ələlxüsus da bunu "Böyük Qayıdış" zamanı edənləri.

Zəngilanın yollları ilə hərbçilər, mühəndislər, həkimlər, fəhlələr yeriyəndə... onillərlə bu günü həsrətlə gözləyənlər şad-xürrəm qayıdanda... Dövlət Baba yurd yerlərinin bərpasına milyardlarla manat xərcləyəndə... Bir nəfər fərdi keçmişini ticari nişana çevirməyə cəhd edir.

Belə olmur, olmaz. Alınmaz. Keçməz.

Cəmiyyətimiz də bunu aşkar-ayinə göstərdi. Ona görə yox ki, sosial şəbəkələrdə Yaşar Cəfərova cavab yazanlar sərt, acıqlı və yainki qəddardırlar. Yox, ona görə ki, yeni Zəngilanda köhnə "qurban duyğusu"nui görmək istəmirlər. Ona görə ki, biz şikayətçi yox, Qalib xalqıq.

Qələbə isə, Yaşar Cəfərov, məsuliyyət, yetkinlik, qayıdışımız üçün qanından və canından keçənlərə sayğı, təzminatın mal-mülk, davar yox, işğaldan azad edilmiş Torpaq, qaytarılmış tale, bərpa olunmuş ləyaqət olmasını anlamaqdır.

Yaşar Cəfərov, insanlarımızın bu duyumu üçün Dövlət Baba gözləntidən də artığını etdi. Elə hesab ödədi ki, onu pulla ölçmək namümkün.

Bu videomüraciət kiçik hisslərin, cırtdan duyğuların ümumxalq şücaətini üstələmək cəhdinin göstəricisidir. Həm də onun ki, gəmi fırtınanı dəf edib bəlaya qalib gələndən sonra sahilə yan alanda sərnişinlər almaları dənizə düşənə yox, qəhrəmanlığı edənə minnətdar olmalıdır. Bunu anlamaq gərək...

Elçin Alıoğlu meqale.com