Azərbaycanda qəzaların ən çox baş verdiyi gün açıqlandı
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 905 yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 12,2 faiz azalıb. Hadisələr nəticəsində zərər çəkənlərin sayı 11,9 faiz azalaraq 1264 nəfər olub. Onlardan 507-si həlak olub, 757-si isə yaralanıb.
Qəzaların 44,5 faizi gündüz, 42,6 faizi gecə, 12,9 faizi isə toran vaxtı baş verib. Həftənin şənbə və bazar günlərinə isə hadisələrin 30,6 faizi təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 85 faizi yaşayış məntəqələrində baş verib. Bu qəzalar nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz azalaraq 353 nəfər, yaralananların sayı isə 16,8 faiz azalaraq 708 nəfər olub.