Bakıdan Parisə ciddi mesaj - Fransanın sülh istəməməsinin səbəbləri
Bu Parisin ölkəmiz əleyhinə siyasətinin davamı deməkdir. Fransa Ermənistanla Azərbaycan arasında sülh əldə olunmasını istəmir.
meqale.com-ın məlumatına görə bu barədə siyasi şərhçi Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Ermənistanın Azərbaycanla yanaşı Türkiyə ilə də münasibətlərinin normallaşması Fransadakı siyasi mərkəzlərin maraqlarına cavab vermir.
"Fransa Senatının hökumətin Azərbaycana qarşı sanksiya tətbiqi üçün qətnamə qəbul etidiyinə dair xəbərlər yayılıb. Sənəddə Azərbaycana qarşı sanksiyaların tətbiqi tələbi ilə yanaşı "erməni əhalinin Qarabağa qayıtmaq hüququna zəmanət verilməsi" tələb olunub. Fransa Senatı oxşar qətnaməni 15 noyabr 2022-ci il tarixində də qəbul etmişdi. İl yarım bundan əvvəlki qətnamə belə adlanırdı: "Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi".
Fransa Senatı Azərbaycan əleyhinə 15 noyabr qətnaməsi ilə kifayətlənməyərək 17 yanvarda yeni qətnamə qəbul edibsə, bu Parisin ölkəmiz əleyhinə siyasətinin davamı deməkdir. Fransa Ermənistanla Azərbaycan arasında sülh əldə olunmasını istəmir. Çünki bu halda Ermənistanın Azərbaycanla yanaşı Türkiyə ilə də münasibətləri normallaşacaq. Bu isə Fransadakı siyasi mərkəzlərin maraqlarına cavab vermir. Belə olan halda Azərbaycan da Fransaya adekvat cavab vermək məcburiyyətindədir. Azərbaycan Parlamentinin Fransa ilə bağlı sənəd qəbul etməsi ilə yanaşı bu ölkə ilə siyasi və iqtisadi əlaqələrə yenidən baxılması üzərində düşünməliyik. Misal üçün Fransanın "Total" neft şirkətinin Azərbaycanın "Abşeron" qaz yatağındakı payından gəlir əldə etməsi və bu gəllirin bir hissəsinin bizə qarşı siyasət yürüdən Fransa büdcəsinə daxil olması nə dərəcədə indiki vəziyyətə uyğundur? Bu sualın müzakirəsi Bakının Parisə ciddi mesajlarından biri olar", - o, fikrini tamamlayıb.
İslam meqale.com