Yunanıstandan Türkiyə ilə bağlı qalmaqallı paylaşım - FOTO
13 noyabr 2025 - Türkiyə, Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan "C130" tipli hərbi nəqliyyat təyyarəsində şəhid olan 20 hərbçisinin kədərini yaşadığı bir vaxtda, Yunanıstan Hərbi Hava Qüvvələrinin rəsmi sosial media hesabından edilən paylaşım böyük narazılıq yaradıb.
meqale.com xəbər verir ki, Yunan Hərbi Hava Qüvvələrinin rəsmi hesabında "C130" tipli hərbi təyyarələrin fotoları paylaşılaraq, onların altına "Günün fotosu" qeydi əlavə edilib.
Bu paylaşım Türkiyədə və sosial mediada böyük hiddətlə qarşılanıb və istifadəçilər tərəfindən "hörmətsizlik" və "təxribat" kimi qiymətləndirilib.
Artan reaksiyalardan sonra Yunan Hərbi Hava Qüvvələri paylaşımı qısa müddət ərzində silib.
Daha sonra Türkiyədə şəhid olan 20 hərbçiyə hörmət əlaməti olaraq, Yunan Hərbi Hava Qüvvələrinin komandanı Korgeneral Dimosfenis Qriqoriadis tərəfindən imzalanmış rəsmi başsağlığı mesajı paylaşılıb. İctimaiyyət arasında geniş müzakirələrə səbəb olan paylaşım silinsə də, Türkiyə Xarici İşlər Nazirliyinin Yunanıstana şifahi nota verdiyi bildirilib.