Bütün canlılarda zəif, amma ölçülə bilən parıltı mövcuddur
Tədqiqatlar göstərir ki, bütün canlı orqanizmlər, heyvanlar, bitkilər və insanlar, zəif, lakin ölçülə bilən bir parıltıya malikdir. Maraqlısı odur ki, bu işıq həyat fəaliyyəti dayandıqdan sonra tədricən itir.
meqale.com xəbər verir ki, bu barədə "ScienceAlert" nəşrində dərc olunan elmi məqalədə məlumat verilib.
Alimlər bildirirlər ki, bu parıltı sadəcə metafora deyil. Elmi cihazlar vasitəsilə heyvan və bitkilərdə fiziki olaraq qeydə alınan bu fenomen, hüceyrələrin metabolik fəaliyyəti nəticəsində yaranır. Həyat prosesi davam etdikcə orqanizmi zəif işıq müşayiət edir.
Tədqiqatçılara görə, bu işığın əsas mənbəyi hüceyrələrdə enerji sərf edən mitoxondrilərin aktiv oksigen formaları yaratmasıdır. Bu maddələr zülallarla, lipidlərlə və flüoroforlarla reaksiyaya girərək foton emissiyasına səbəb olur. Alimlər bunu "həddən artıq zəif foton emissiyası" adlandırırlar. Bu işıq o qədər zəifdir ki, normal fon işığında onu görmək demək olar ki, mümkün deyil.
Əvvəlki tədqiqatlarda foton emissiyası yalnız ayrı-ayrı hüceyrələr səviyyəsində müşahidə olunmuşdu. Lakin Kalqari Universitetindən dosent Daniel Oblakın rəhbərlik etdiyi qrup bütün orqanizm səviyyəsində - həm canlı, həm də ölü vəziyyətdə - bu parıltını qeydə almağa nail olub.
Tədqiqat üçün siçanlar xüsusi qaranlıq kameraya yerləşdirilib və iki saatlıq eksperiment zamanı canlı heyvanların bədəni boyunca yayılan zəif işıq, baş, daxili orqanlar və pəncələrdə "isti nöqtələr" şəklində qeydə alınıb. Alimlər hesab edirlər ki, gələcəkdə bu zəif parıltının monitorinqi travmaların və müxtəlif xəstəliklərin erkən diaqnostikası üçün istifadə oluna bilər.