Superman”in ilk nüsxəsi 9 milyon dollara satıldı! - FOTO

Kaliforniyada ötən Milad bayramı ərəfəsində mərhum analarının çardağını səliqəyə salan üç qardaş təsadüfən 1939-cu ilin iyununda nəşr edilmiş "Superman" komiksinin ilk orijinal nüsxəsini tapıblar. Nadir komiksin demək olar ki, zədəsiz şəkildə bu günə qədər gəlib çatması hər kəsi heyrətləndirib.

meqale.com-ın məlumatına görə, Texasda fəaliyyət göstərən "Heritage Auctions" hərracında həmin nüsxə 9,12 milyon dollara satılıb və bununla da komiks tarixinin ən yüksək məbləğə alıcı tapan əsərinə çevrilib.

Hərrac şirkəti bu satışla bağlı açıqlamasında tapıntını "komiks kolleksiyasının zirvəsi" adlandırıb.

Qardaşlar 2024-cü ildə çardağı təmizləyərkən köhnə karton qutunun içində, hörümçək torlarının arasında altı komiks kitabı aşkar ediblər. Satışa çıxarmaq qərarını verənə qədər bir neçə ay tərəddüd edən qardaşlar nəhayət "Heritage Auctions"la əlaqə saxlayıblar. Bundan sonra hərrac evinin vitse-prezidenti Lon Allen nümunəni qiymətləndirmək üçün San-Fransiskoya gəlib.

Kimliklərini açıqlamaq istəməyən qardaşların 50-60 yaşlarında olduğu bildirilir. Komikslərin isə analarının və onun qardaşının Böyük Depressiya dövrü ilə II Dünya müharibəsi arasındakı illərdə topladığı kolleksiyaya aid olduğu məlum olub.

Alıcı ödənişi də nəzərə alınmaqla 9 milyon dollardan artıq qiymətə satılması nəticəsində bu "Superman" nüsxəsi əvvəlki rekorddan 3 milyon dollar çox dəyərə sahib olub. Müqayisə üçün, ötən il "Action Comics"in ilk sayı 6 milyon dollara satılmışdı.