"Qorxduğumuz yerdən qollar buraxdıq" - "Neftçi"nin məşqçisi
Bu gün Misli Premyer Liqasında 12-ci turun son matçında "Neftçi" doğma meydanda "İmişli"yə 2:3 hesabı ilə məğlub olub.
meqale.com xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında "Neftçi"nin məşqçisi Samir Abasovun dörd oyunluq cəzası olduğu üçün onun əvəzinə Mübariz Orucov jurnalistlərin suallarını cavablandırıb.
- Ötən mövsüm heyət yetərsiz göstərildi, yeni heyət yığıldı. Bəs, indi problem nədədir?
- Razıyam, nəticələrimiz ürəkaçan deyil. Oyun baxımdan keçən illə müqayisədə yaxşıyıq, amma bu hələ nəticələrə təsir etmir. Çox xallar itirmişik və bu gün də üzücü məğlubiyyət aldıq. Amma komandada yeni oyunçular var və heyət hələ tam formalaşmayıb. Keçən mövsümlə müqayisədə heyətimizdə böyük dəyişikliklər olub və hazırda uyğunlaşma prosesi davam edir.
- "İmişli" ilk mövsümdür Premyer Liqada oynayır. Onlar nə danışsın?
- "İmişli" yaxşı futbol oynadı. Onlar güclü rəqiblərə qarşı motivasiyalı oynayır və istəkləri yüksəkdir. Bu səbəbdən qalib gəldilər.
- İki qolu da standart vəziyyətdən buraxdınız...
- Komandaya onların aut atışlarından təhlükəli olduğu haqda məlumat vermişdik. Qorxduğumuz yerdən də qollar buraxdıq.
- Artıq turnir cədvəlində "İmişli"dən də aşağıdasınız. Maraqlıdır, kuboka köklənəcəksiniz? Kubok daha önəmli rol oynayacaq?
- Onsuz da biz "Neftçi" olaraq çempionat və kuboka köklənmişik. Liqada işlər yaxşı getmir. Kubok qısa yoldur. Ona da köklənəcəyik. Çempionatın yarısına gəlib çatmışıq. Amma qarşıda matçlar var.
- Hədəf nədir?
- "Neftçi"nin hədəfi həmişə çempionluqdur. Ən azından avrokuboklar hədəfimiz var. İnanırıq ki, avrokuboklara vəsiqə qazanacağıq. (qol.az)