Ölkəmizə qarşı daha bir “hesabat” hazırlanır - TƏFƏRRÜAT

"University Network for Human Rights" (UNHR) təşkilatı Azərbaycana qarşı yönəldilmiş "ermənilərə qarşı cinayətlər" mövzusunda yeni bir hesabat üzərində işləyir. Bu yeni sənəd təşkilatın artıq mövcud olan doqquz "hesabat", qeydlər və məqalələr toplusuna əlavə olunur.

Ölkəmizə qarşı daha bir “hesabat” hazırlanır - TƏFƏRRÜAT
"University Network for Human Rights" (UNHR) təşkilatı Azərbaycana qarşı yönəldilmiş "ermənilərə qarşı cinayətlər" mövzusunda yeni bir hesabat üzərində işləyir. Bu yeni sənəd təşkilatın artıq mövcud olan doqquz "hesabat", qeydlər və məqalələr toplusuna əlavə olunur.

"University Network for Human Rights" (UNHR) təşkilatı insan hüquqları mövzusunda fəaliyyət göstərən və əsasən müxtəlif münaqişə bölgələrindəki vəziyyəti işıqlandırmaq məqsədilə fəaliyyət göstərən bir təşkilat kimi tanınır. Lakin bu təşkilatın fəaliyyətinə daha yaxından nəzər saldıqda, onun Azərbaycana qarşı bariz qərəzli mövqe tutduğu və xüsusilə Qarabağ münaqişəsi ilə bağlı hazırladığı hesabatların obyektivlikdən uzaq olduğu ortaya çıxır.

UNHR son illərdə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində ölkəmizə qarşı tənqidi mövqelər tutaraq, Qarabağ məsələsində Ermənistanın iddialarını dəstəkləyən hesabatlar hazırlayıb. Bu hesabatlarda Azərbaycan tərəfi daim təcavüzkar kimi təqdim olunur, erməni tərəfinin törətdiyi cinayətlər isə ya tamamilə gözardı edilir, ya da onların əhəmiyyəti minimuma endirilir.

UNHR-in belə yanaşması təşkilatın obyektivliyini və etibarlılığını ciddi şəkildə şübhə altına alır.

UNHR-in hazırladığı hesabatlarda Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi 30 ilə yaxın müddət ərzində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi etnik təmizləmə, qətliamlar və digər müharibə cinayətləri heç bir şəkildə əks olunmur. Məsələn, Xocalı soyqırımı və ya erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində törətdiyi digər cinayətlər bu hesabatlarda ya qeyd olunmur, ya da yalnız qısa şəkildə, əhəmiyyətsiz bir detal kimi təsvir olunur.

UNHR-in Qarabağ münaqişəsi ilə bağlı yaydığı hesabatlar yalnız qərəzli deyil, həm də çox vaxt saxta və reallığa əsaslanmayan məlumatlarla doludur. Təşkilatın "fakt toplama missiyaları" adlandırdığı fəaliyyətlər, əslində, birtərəfli məlumatların toplanması və yalnız Ermənistanın maraqlarına xidmət edən saxta sübutların yaradılmasına yönəlib. Bu missiyalar zamanı təşkilatın nümayəndələri guya məxfiliyi qorumaq məqsədilə müsahibə verdikləri şəxslərin adlarını dəyişdirir, lakin bu, daha çox manipulyasiya və dezinformasiya yaratmaq məqsədi daşıyır.

Bundan əlavə, UNHR-in hesabatlarında istifadə edilən mənbələrin etibarlılığı da ciddi sual altındadır. Təşkilatın bəzi hesabatları Ermənistanın rəsmi təbliğatını dəstəkləyən məlumatları əsas götürərək, onların obyektivliyini ciddi şəkildə şübhə altına alır.

Məsələn, UNHR-in 2023-cü ildə yaydığı bir hesabatda, Ermənistanın Qarabağda azərbaycanlılara qarşı törətdiyi cinayətlərə dair hər hansı bir ciddi dəlil təqdim edilmədən, Azərbaycan tərəfi ermənilərə qarşı guya "soyqırım" törətməkdə ittiham edilir. Bu cür əsassız iddialar, həm Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq məqsədi daşıyır, həm də təşkilatın özünü etibarsız bir qurum kimi göstərir.

Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti nümayəndələri UNHR-in Azərbaycana qarşı qərəzli mövqeyini və saxta hesabatlarını dəfələrlə pisləyiblər. Həmin hesabatlar Azərbaycanın beynəlxalq aləmdə haqlı mövqeyini zəiflətməyə və Ermənistanın haqsız iddialarını dəstəkləməyə yönəlmiş bir kampaniyanın tərkib hissəsi kimi qəbul olunur. Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ciddi çətinliklərlə üzləşir və bu cür qərəzli təşkilatların fəaliyyəti bu prosesi daha da çətinləşdirir.

Bu dəfə də UNHR ampluasına sadiq qalıb.

Tomas Beker Harvard məzunu və hüquq üzrə amerikalı mütəxəssis, təşkilatın nümayəndəsi kimi "fakt toplama missiyası" (fact-finding mission) adı altında Azərbaycanı könüllü tərk edərək, Ermənistana yollanmış qarabağlı erməniləri danışdırıb.

Təbii ki, həmin şəxslər UNHR-in ölkəmiz və xalqımızla bağlı mövqeyinə tam uyğun olaraq "qarabağlı erməni qaçqınlar" kimi təqdim olunub.

Sözügedən missiya çərçivəsində o, Ermənistana gələrək, həmin şəxslərlə görüşlər təşkil edir.

Diqqətçəkən məqam odur ki, müsahibə edilən şəxslərin adları guya onların məxfiliyini qorumaq üçün dəyişdirilir. Fəqət proses, daha doğrusu, prosedur təəccüb doğurur.

Daha doğrusu, sanki çox ucuz və bəsit məzhəkə yaşanır.

Ermənistanın baş naziri Nikol Paşinyan fasiləsiz olaraq bəyan edir ki, qarabağlı ermənilərin yaşamı tam təmin olunub, onlar özlərini "absolyut təhlükəsizlikdə hiss edirlər". Belədirsə, yəni qarabağlı ermənilər "absolyut təhlükəsizlikdə"dirsə, onda nə üçün UNHR bu adamların ad və soyadlarını gizlədir, şərti adlardan istifadə edir? Sanki bu praktika mass-medianın cinayətkarların adlarını gizlətməsi kimi bir təcrübədir.

Birləşmiş Ştatların mediası və xüsusilə də insan haqlarının müdafiəsi təşkilatları azərbaycanlılarla bağlı məsələlərdə belə "həssas" davranmırlar. Məsələn, "Associated Press"ə istinadən "Los Angeles Times"da dərc olunmuş xəbərdə haqlarında bəhs olunan, Birləşmiş Ştatlarda məskunlaşmış azərbaycanlı miqrantların adları açıq şəkildə qeyd olunmuşdu.

Tomas Bekerin keçmişinə nəzər saldıqda, onun son iyirmi ildə müxtəlif qitələrdə insan haqları uğrunda necə "mübarizə" apardığını görmək olar. Məsələn, 2010-cu illərin əvvəllərində o, Boliviyada aztəminatlı yerli əhalinin liderə qarşı mübarizəsində məhkəməni qazanmasıda dolayısıyla iştirak etsə də, prosesi sonradan özünün "tam qələbəsi" kimi qələmə vermişdi.

Bu hadisə onun fəaliyyətinə dair dərin təəssürat yaradır və hazırkı vəziyyəti daha da düşündürücü edir.

T.Bekerin Azərbaycana qarşı ifrat qərəzli, düşmən mövqeyi Polişinel sirridir.

O, "Newsweek"də dərc olunmuş son məqaləsində Azərbaycan iqtisadiyyatının əsas, strateji sektorlarına qarşı genişmiqyaslı, ən sərt cəza sanksiyaların tətbiqini təklif edib.

Məqaləsində o, Azərbaycanı bir zamanlar aparteid rejiminin hökm sürdüyü Cənubi Afrika Respublikası ilə müqayisə edir, İŞİD terror təşkilatına bənzədir, Azərbaycan ordusunun hərbçilərini "vəhşiliklər"də suçlayır.

Harvard Universiteti təki dünyaca məşhur və nüfuzlu məkanın məzunu olan bir şəxs sanki marazma qapılır, amneziyaya tutulur: o, Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazilərinin 20 faizinin 30 illik işğalı zamanı minlərlə dinc azərbaycanlıya vəhşicəsinə işgəncələr verərək qətlə yetirməsini sanki bilmir.

Tomas Beker ermənilərin cinayətlərindən, xalqımıza qarşı törətdikləri soyqırımlarından tam xəbərsiz individ təki davranır.

Onun və təmsil etdiyi təşkilatın iddialarının əsassızlığı 2023-cü ilin sentyabrında UNHR-in yaydığı hesabatda da öz əksini tapır. Həmin hesabatda Azərbaycanın Qarabağdakı ermənilərə qarşı guya "mümkün soyqırımı" törətməyə çalışdığı iddia olunur. Hesabatın son səhifələrində isə ermənilərin Azərbaycan ərazilərini işğal etməsi qısa və ötəri şəkildə qeyd olunur, sanki burada heç bir etnik təmizləmə hadisəsi baş verməyib. Üstəlik, ermənilərin törətdiyi cinayətlər UNHR tərəfindən "Azərbaycanın bu hadisələri siyasiləşdirməsi" kimi təqdim edilir və münaqişənin əsas səbəbi kimi göstərilir.

Tomas Beker son hesabatında "Freedom House"un reytinqinə istinad edir və burada deyilir ki, sən demə, "Qarabağ bölgəsi Azərbaycanın nəzarətinə keçdikdən sonra dünyanın ən azad olmayan yerlərindən birinə çevrilib".

Halbuki "Freedom House"un həmin ərazini pis vəziyyətdə olan bölgələr siyahısına daxil etdiyi dövrdə bölgənin böyük hissəsi Ermənistanın işğalında idi.

Bunu isə Beker məqsədyönlü şəkildə görməzdən gəlir.

Son olaraq, ümid edirik ki, Tomas Bekerin bu missiyası nəticəsində ona "Daha bir feyk-nyus fanatı" mükafatı veriləcək, çünki onun "fakt toplama" üsulu tam olaraq bu məntiqi səhvə əsaslanır.

"University Network for Human Rights" (UNHR) təşkilatının Azərbaycana qarşı qərəzli mövqeyi və Qarabağ məsələsi ilə bağlı hazırladığı saxta hesabatlar bu təşkilatın obyektivlikdən nə qədər uzaq olduğunu göstərir. Onların fəaliyyətindəki qərəz və manipulyasiya yalnız Ermənistanın maraqlarına xidmət edir və Azərbaycanın beynəlxalq arenada haqlı mövqeyini zəiflətmək məqsədi daşıyır. Bu kimi təşkilatların fəaliyyəti Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına, Cənubi Qafqaz bölgəsində təhlükəsizliyin, əmin-amanlığın və Bakı ilə İrəvan arasında normal dövlətlərarası münasibətlərin yaradılmasına yönəlmiş prosesə ciddi maneələr törədir. Azərbaycanın beynəlxalq səviyyədə bu kimi qərəzli təbliğatla mübarizəsi və həqiqətləri dünya ictimaiyyətinə çatdırması üçün daha da aktiv şəkildə işləməsi zəruridir.

Elçin Alıoğlu TREND