Mərkəzi Asiya ölkələrinə 16-cı səfər: Əlaqələr daha da genişlənir
Ölkəmizin və prezident İlham Əliyevin nüfuzu günü-gündən artmaqdadır. Ölkə başçısının tez-tez vacib səfərlərdə iştirakı, mühüm məsələlərin müzakirəsi üçün dəvət olunması, qlobal məsələlərin həll olunduğu tədbirlərdə dəvət olunan ölkələr sırasında Azərbaycanın adı olması artıq ənənəvi hal almağa başlayıb. Bütün bunlar birbaşa İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir və onun şəxsi nüfuzu ilə bağlıdır.
Məlum olduğu kimi, İlham Əliyev ötən gün Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstana səfərə gedib. O, Astana şəhərində təşkil olunan "Вечер дружбы" adlı qala konsertində iştirak edib.
Bu dəfəki səfəri də əlavə etsək, Prezident son iki ildə Mərkəzi Asiya ölkələrinə ümumilikdə 16 dəfə səfər edib. Bu müddət ərzində Mərkəzi Asiya ölkələrinin liderləri ümumilikdə 15 dəfə Azərbaycanda olublar. Ölkə başçısının da çıxışlarında vurğuladığı kimi, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetlərindəndir. Azərbaycan Respublikası ilə Mərkəzi Asiya regionu ölkələri arasında əməkdaşlıq ikitərəfli formatda olduğu kimi, çoxtərəfli müstəvidə də uğurla davam etdirilir. TDT, ŞƏT, BMT-nin SPECA proqramı, MDB, İƏT və s. təşkilatlar çərçivəsindəki uğurlu əməkdaşlıq xüsusilə diqqət mərkəzindədir.
Azərbaycan və Mərkəzi Asiya ölkələri
Azərbaycanın unikal coğrafi mövqeyi onu daim diqqət mərkəzində olmasına şərait yaradır. Bu səbəbdən də bir sıra ölkələr Azərbaycanla sıx əlaqələr yaratmaqda maraqlıdırlar. Bu ölkələr sırasında Mərkəzi Asiya dövlətləri xüsusi yer tutur. Mərkəzi Asiyanın Cənubi Qafqaz, Qara dəniz, Şərqi Avropa və Aralıq dənizi hövzəsi ilə bağlantısının təmin edilməsində Azərbaycanın körpü rolunu oynaması bu əlaqələrin inkişafında əhəmiyyət daşıyır.
Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasındakı əməkdaşlığın əsas sahələrindən biri nəqliyyat və logistikadır. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat bağlantısı sahəsində əməkdaşlıq artıq yeni məzmun qazanıb. Bu ilin may ayında imzalanmış "Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji sahəsində də əməkdaşlıq etdiyini göstərir. Eləcə də, Mərkəzi Asiya regionu ölkələri ilə hərbi sahədə də əməkdaşlıq mövcuddur. 2024-cü ilin iyul ayında Qazaxıstanda keçirilmiş "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində Azərbaycanın iştirakı, habelə Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan kursantların təhsil almasını buna misal çəkmək olar.
Mərkəzi Asiya dövlətləri də Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Vətən müharibəsində və ondan sonrakı dövrdə Azərbaycana dəstək olan Mərkəzi Asiya dövlətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfə verməsi bunun bariz nümunəsidir.
İslam meqale.com