"Bu, ölkəmiz enerji böhranı ilə üzləşəndə baş verdi"
Moldova qazı Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə idxal edib və bundan sonra da qaz almaqda maraqlıdır.
Bunu Trend-ə eksklüziv müsahibəsində Moldova Respublikasının Energetika Nazirliyinin dövlət katibi Konstantin Borosan deyib.
O, Moldovanın bu qaz kəmərindən istifadə edən ilk ölkə olduğunu vurğulayıb.
"Bu, ölkəmiz enerji böhranı ilə üzləşəndə baş verdi. Biz təbii qazı alternativ bazarlarda axtarmalı olduq. IGB 2022-ci ilin oktyabrında kommersiya istifadəsinə verildi. Oktyabrın sonu və ya noyabrın əvvəlində Moldovanın Energocom dövlət şirkəti artıq bu qaz kəmərindən istifadə edən ilk şirkət oldu", - deyə o, izah edib.
Qaz həcmlərinə gəlincə, Borosan Moldovanın İGB-dən təxminən 200 milyon kubmetr qaz aldığını bildirib.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.