“Qobu Park”ın binaları əyilir? - Rəsmi açıqlama - VİDEO
"Qobu Park 1-2" yaşayış massivində məcburi köçkünlər üçün inşa edilmiş binaların pis vəziyyətdə olması ilə bağlı iddialar yayılıb.
meqale.com xəbər verir ki, bu barədə ictimai fəal Gülnar Nəsibli feysbuk hesabında paylaşım edib:
"İlk tikildiyi vaxtlarda bu binalar eyni hündürlükdə, səliqəli və bir-birinə uyğun şəkildə ucaldılmışdı, baxan göz üçün tam bir "gözəllər silsiləsi" idi. Bu gün isə hərəsi bir istiqamətə əyildiyi üçün onları dəmir konstruksiyalarla bir-birinə calayıblar. Artıq dəmir də tab gətirmir".
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.
Bildirilib ki, bundan öncə də, oxşar hadisə zamanı podratçı şirkət və aidiyyəti qurum tərəfindən aparılan texniki baxış və mühəndis yoxlamaları nəticəsində binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar heç bir problem qeydə alınmayıb:
"Kompleksin texniki durumu daimi olaraq podratçı tərəfindən nəzarətdə saxlanılır. Monitorinq prosesi çərçivəsində mütəmadi olaraq qiymətləndirmələr aparılır və ehtiyac yaranarsa, qabaqlayıcı tədbirlər görülür".