“Biləsuvar” gömrük postundakı problemlə bağlı rəsmi açıqlama - YENİLƏNİB - VİDEO
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib: "Gün ərzində "Biləsuvar" gömrük postundan keçməklə Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən 5 avtobusla ümumilikdə 200-dən çox sərnişin daşınır və onların gömrük nəzarəti optimal müddətdə həyata keçirilir.
Dekabrın 17-si sərnişinlərin idxal nəzarət xəttinə kütləvi şəkildə daxil olmaları, bəzi şəxslərin isə gətirdikləri mallara dair bəyannamələri vaxtında təqdim etməmələri gömrük nəzarəti tədbirlərinin qismən uzanmasına səbəb olub, qısa müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların sürətli keçidi tam təmin edilib.
Dövlət Gömrük Komitəsi sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin optimal vaxt ərzində həyata keçirilməsi üçün vətəndaşlara gömrük qanunvericiliyinə riayət olunmasını tövsiyə edir".
14:27
Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlar Biləsuvar gömrük postunda problemlə üzləşib.
meqale.com xəbər verir ki, sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıb.
Vətəndaşlardan biri bununla bağlı video çəkib. O bildirib ki, saatlardır soyuq havada gözləyirlər: "Saat 04:27-dən buradayıq. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkir. Lakin hər hansı məlumat verilmir, səbəbini bilmirik".
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlanıb.
Həmin görüntüləri təqdim edirik:( Baku.ws)