Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? - RƏSMİ CAVAB
Azərbaycanda növbəti ildən yeni 3 manatlıq əskinasların dövriyyəyə buraxılacağı iddia olunur.
meqale.com baku.ws-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
İddia edilir ki, yeni pul vahidi yeni ildən istifadəyə veriləcək, hətta onun görünüşünü əks etdirən foto belə paylaşılır.
Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur. Belə bir hal nəzərdə tutulmayıb.
"Son dövrlər müxtəlif sosial şəbəkələrdə yeni 3 manat nominallı kağız pul nişanının tədavülə buraxılacağı ilə bağlı xəbərlər paylaşılmışdır. Bildiririk ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və vətəndaşları bu kimi məsələlərdə dəqiq məlumatları yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq".
Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir.