Tapdıqları şəxsiyyət vəsiqələrini sosial şəbəkədə paylaşanlara xəbərdarlıq
Son zamanlar tapılmış şəxsiyyət vəsiqələrinin sosial şəbəkələrdə paylaşılması geniş yayılıb. İnsanlar bunu sahibini tapmaq niyyəti ilə etsələr də, əslində bu davranış çox ciddi təhlükəsizlik riskləri yarada bilər.
Məsələ ilə bağlı informasiya təhlükəsizliyi üzrə ekspert Əmrah Mövsümzadə meqale.com‑a açıqlamasında bildirib ki, şəxsiyyət vəsiqəsində fin kodu, seriya nömrəsi, doğum tarixi və digər identifikasiya məlumatları yer alır və bu məlumatlar müxtəlif məqsədlərlə sui‑istifadəyə məruz qala bilər.
Ekspert qeyd edib ki, bu məlumatlar şəxsi məlumat bazası kimi çıxış etdiyinə görə böyük risk daşıyır.
Ə.Mövsümzadənin sözlərinə görə, dələduzlar bu məlumatlardan istifadə edərək şəxs adından banklara və kredit təşkilatlarına zəng edib müəyyən təsdiqləmə mərhələlərindən keçə bilirlər:
"Bir çox banklarda ilkin identifikasiya üçün sadəcə ad, soyad, doğum tarixi və sənəd məlumatlarının kifayət etməsi bu riski daha da artırır".
Mütəxəssis əlavə edib ki, onlayn xidmətlərin ələ keçirilməsində də bu məlumatlardan geniş istifadə olunur. Bir çox hökumət xidmətləri, "ASAN Login", mobil operatorlar və digər sistemlərdə identifikasiya üçün məhz şəxsiyyət vəsiqəsindəki məlumatlar tələb edilir:
"Bu məlumatları əldə edən dələduzlar müxtəlif kombinasiyalar edərək parolları təxminləyə və hesablara giriş əldə edə bilirlər".
SIM kartların ələ keçirilməsi də real təhlükələrdən biri olduğunu vurğulayan həmsöhbətimiz nəzərə çatdırıb ki, mobil operatorlar istifadəçi məlumatlarının müəyyən hissəsini təsdiqləmək üçün vəsiqə məlumatlarını soruşduğundan, kiminsə bu məlumatlardan istifadə edərək nömrəni öz adına keçirməsi və beləliklə həmin şəxsin SMS-lərinə nəzarət etməsi mümkündür.
Ə.Mövsümzadənin fikrincə, vəsiqə sahibinin adına müxtəlif onlayn platformalardan sifarişlər verilməsi də mümkündür və bu həm maddi ziyana, həm də şəxsin adının qara siyahıya düşməsinə səbəb ola bilər.
Bildirib ki, sosial mühəndislik hücumlarında da şəxsiyyət vəsiqəsindəki məlumatlardan tez‑tez istifadə olunur:
"Dələduzlar həmin məlumatları əldə etdikdən sonra özlərini həmin şəxsi yaxından tanıyan biri kimi təqdim edərək ona və yaxınlarına real görünən fırıldaq zənglər və mesajlar göndərə bilirlər".
O, digər böyük təhlükənin isə bu məlumatların "dark web"də satılması olduğunu diqqətə çatdırıb. Deyib ki, şəxsiyyət məlumatları qanunsuz onlayn bazarlarda satılır və sonradan müxtəlif cinayət əməliyyatlarında istifadə olunur.
Ə.Mövsümzadə tövsiyə edir ki, tapılmış şəxsiyyət vəsiqəsini tam şəkildə, bütün məlumatları görünən formada sosial şəbəkədə paylaşmaq olmaz. Ən doğru addım sənədi yaxınlıqdakı polis bölməsinə təhvil vermək və yalnız tapılma yeri barədə ümumi məlumat paylaşmaqdır.
Onun sözlərinə görə, fin kodu və digər əsas məlumatlar heç bir halda ictimaiyyətə açıqlanmamalıdır6
"Şəxsi məlumatlar təkcə fiziki deyil, həm də rəqəmsal təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. Bir foto düzgün olmayan əllərə düşərsə, çox ciddi nəticələrə səbəb ola bilər".