Su xətləri çəkildi, asfalt dağıldı - İcra Hakimiyyətindən AÇIQLAMA

Gəncə şəhərində Ozan küçəsinin üçüncü dalanında yaşayan vətəndaşlar yolun bərbad vəziyyətdə olmasından narazıdırlar. 

Su xətləri çəkildi, asfalt dağıldı - İcra Hakimiyyətindən AÇIQLAMA
Gəncə şəhərində Ozan küçəsinin üçüncü dalanında yaşayan vətəndaşlar yolun bərbad vəziyyətdə olmasından narazıdırlar. 

meqale.com xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazi əvvəllər asfalt örtüklə təmin edilsə də, su və kanalizasiya xətlərinin çəkilişi zamanı yol yararsız hala salınıb.

Aparılan işlərdən sonra isə asfalt örtüyü yenidən bərpa olunmayıb və bu da gündəlik hərəkəti çətinləşdirir.

"Su xətləri çəkiləndə asfaltı tamamilə dağıtdılar. Görmə problemim var, bir dəfə də yıxılmışam. Bu vəziyyətdə yaşamaq çox çətindir", - deyə sakinlərdən biri narazılığını dilə gətirib.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhər ərazisində küçə, qəsəbə və məhəllədaxili yolların yenilənməsi, həmçinin içməli və kanalizasiya xətlərinin modernləşdirilməsi hazırda icra olunan ikinci açıq kommunal infrastruktur proqramı çərçivəsində həyata keçirilir.

Qurumun açıqlamasına əsasən, müvafiq işlər tamamlanan ərazilərdə yol örtüyünün bərpası mərhələli şəkildə təmin olunacaq.