Xətaidə ev çökdü: Sakinlər məcburi köçürüldü
Xətai rayonu ərazisində, Rəşid Bağırov küçəsi 36 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evində təhlükəli vəziyyət yaranıb.
meqale.com xəbər verir ki, evin döşəməsinin çökməsi nəticəsində sakinlər yaşayış yerini tərk etmək məcburiyyətində qalıblar. Ev sahibinin bildirdiyinə görə, hələ 2016-cı ildə qonşu tikilidə baş vermiş su borusu partlayışından sızan sular uzun müddət evin zirzəmisinə dolaraq binanın əsasını zədələyib.
Sakinlər artıq üç gündür ki, qonşularının evində qalırlar. Onların sözlərinə görə, aidiyyəti qurumlara etdikləri müraciətlər nəticəsində yalnız bir aylıq kirayə haqqının ödənə biləcəyi bildirilib. Ev sahibləri isə çıxılmaz vəziyyətdə qaldıqlarını, kimə müraciət edəcəklərini bilmədiklərini deyirlər.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı məlumatlıdırlar və vətəndaş icra başçısının səyyar qəbulunda iştirak edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, sözügedən tikili kanalizasiya kollektorunun üzərində inşa edilib. Qurumun açıqlamasına görə, müvafiq dövlət qurumlarının iştirakı ilə əraziyə baxış keçirilib və qəbul edilən qərara əsasən, icra hakimiyyəti üzərinə düşən tədbirləri görəcək.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, ərazidə şəhərin əsas kanalizasiya xətlərindən biri olan 1200 millimetrlik kollektorda qəza qeydə alınıb. Qəzanın aradan qaldırılması üçün fərdi yaşayış evinin sökülməsinin zəruri olduğu vurğulanıb. Sakinlərə evdə qalmağın təhlükəli olduğu izah edilib və onların təxliyəsi təmin olunub. Həmçinin mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verildiyi və evin sökülmə qaydası ilə bağlı müvafiq qərarın qəbul ediləcəyi qeyd olunub.