Reabilitasiya mərkəzindəki ölümə görə - 10 il 6 ay həbs aldı
Ötən ilin dekabrında Abşeron rayonu Fatmayı kəndində yerləşən "Həyat üçün şans" reabilitasiya mərkəzində baş vermiş ölüm hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
meqale.com qafqazinfo-ya istinadla xəbər verir ki, vətəndaş Pərviz Həsənovun Göygöldən oğurlanaraq mərkəzə gətirilməsi və bir gün sonra ölməsi hadisəsi üzrə açılmış iş üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 5 nəfərə hökm oxunub.
Mərkəzin rəhbəri Elgiz Alxanov Cinayət Məcəlləsinin 144.3, 309.2 və 32.3, 310-cu (adam oğurluğu, vəzifə səlahiyyətlərini aşma və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsi ilə təqsirli bilinib. Ona 10 il 6 ay həbs cəzası verilib.
Mərkəzin əməkdaşları olan Mustafa, Bəhruz və Əbülfətə, eləcə də sürücü kimi hadisədə iştirak etmiş Niyaməddin adlı şəxsə isə şərti cəza təyin edilib.
Bildirilib ki, hadisədən əvvəl P. Həsənovun yaxını televiziyaların birində elanını gördüyü mərkəzlə əlaqə saxlayıb. O, Pərvizin müalicəsinə yardım göstərilməsini xahiş edib və müəyyən məbləğ qarşılığında razılıq əldə edilib. Bundan sonra mərkəzin işçiləri Göygölə gedərək Pərvizi zorla Fatmayı kəndinə gətirərək buradakı evə yerləşdiriblər. Lakin o, məcburi müalicəyə etiraz edib. Bu zaman onu döyərək zərbələr endiriblər. Orada köməksiz halda qalan P.Həsənov bir gün sonra vəfat edib.
Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq Abşeron Rayon Prokurorluğunda aparılıb.