Biləsuvarda qayınananı öldürən gəlin öz qohumu imiş – TƏFƏRRÜAT
Xəbər verildiyi kimi Biləsuvar rayonunun İsmətli kəndində qətl hadisəsi törədilib. 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın əvvəlcə beyindaxili təzyiqdən öldüyü bildirilsə də, aparılan araşdırmalar nəticəsində onun gəlini tərəfindən boğularaq qətlə yetirildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı qətldə şübhəli bilinən gəlin Gülbəniz Həsənzadə və onun qardaşı Qasım Həsənov saxlanılıblar. Ahıl qadın tənha yaşadığı üçün evə təhlükəsizlik kameraları quraşdırılıb. Hadisədən təxminən 40 gün sonra ailə üzvləri kamera görüntülərinə baxarkən Almaz Cəfərovanın qətlə yetirildiyini aşkar ediblər.
meqale.com xəbər verir ki, bizim.media-ya danışan Biləsuvar rayonu İsmətli kənd ərazi nümayəndəsi Mübariz Mürsəlov hadisə ilə bağlı bəzi təfərrüatları açıqlayıb.
O, deyib ki, 4 oğlu və 2 qızı olan 72 yaşlı Almaz Cəfərova uzun müddət tək yaşayırmış. Onun oğlan övladları Rusiya Federasiyasında yaşayır. 2 ay əvvəl isə gəlini Gülbəniz Həsənzadə Rusiyadan Azərbaycana gələrək mərhumla eyni evdə yaşamağa başlayıb: "Almaz Cəfərova çox yaxşı və istiqanlı bir xanım idi. Qızlarını köçürüb və Bakıda yaşayırlar. Oğlanları Rusiyada yaşayır. Həyat yoldaşı isə rəhmətə gedib. Gəlini öz baldızı qızıdır. O vaxt oğluna özü alıb gətirmişdi. Baxmayaraq ki, yoldaşı və qohum əqrəbada çoxları bu izdivaca qarşı idi". Mübariz Mürsəlov qeyd edib ki, iki gün əvvəl mərhumun 40 mərasimi keçirilib. Yaxınları sağlam qadının qəfil ölümündən şübhələndikləri üçün evdəki təhlükəsizlik kameralarının görüntülərinə baxmağa qərar veriblər. Buna da vəsilə mərhumun polis orqanlarında işləmiş qardaşı olub. Baxış zamanı isə gəlinin və onun qardaşının (baldızı qızı və oğlu) qadını qətlə yetirdikləri məlum olub: "Oğlu yoldaşını göndərmişdi ki, həm anasına baxsın, həm də sənədlərini qaydaya salsın. Aralarında hər hansı münaqişə olduğunu eşitməmişdik, qapalı ailə olublar. Hadisənin hansı səbəbdən baş verdiyini bilmirik. Yəqin ki, ailədaxili məsələ olub. Bütün kənd şok içindədir". Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.