Naviqasiyada yeni era - Sizinlə "söhbət edəcək"
"Google" ən çox istifadə edilən naviqasiya tətbiqi olan "Google Maps"i süni zəka sistemi "Gemini" ilə birləşdirərək onu interaktiv "yol yoldaşına" çevirir.
meqale.com xəbər verir ki, şirkət yeni sistemi çərşənbə günü təqdim edib.
Yenilənmiş tətbiq artıq yalnız istiqamət göstərməklə kifayətlənməyəcək, həm də yaxınlıqdakı restoranlar, mağazalar və görməli yerlər barədə tövsiyələr verəcək. Google açıqlamasında "Artıq axtarmağa ehtiyac yoxdur, sadəcə soruşmaq kifayətdir", - deyə bildirib.
Yeni sistem istiqamətləri daha təbii şəkildə təqdim edəcək. Məsələn, "200 metr sonra sağa dönün" əvəzinə "kilsənin yanından sağa dönün" kimi vizual istinad nöqtələrinə əsaslanan göstərişlər veriləcək.
Google-un məlumatına görə, Gemini sistemi son 20 ildə toplanmış 250 milyon məkan məlumatı və istifadəçi rəylərindən yararlanır. Şirkət süni zəkanın istifadəçiləri yanlış istiqamətə yönləndirməməsi üçün təhlükəsizlik mexanizmlərinin mövcud olduğunu da qeyd edib.
Yeni xüsusiyyətlər həm iPhone, həm də Android cihazlarında istifadəyə veriləcək. Bu isə "Gemini"yə dünyada 2 milyarddan çox istifadəçiyə çatmaq imkanı yaradacaq.