Çin avtomobilləri casusluq edirlər

İsrail ordusu Çin istehsalı olan rəsmi nəqliyyat vasitələrinin müsadirəsinə başlayıb.

Çin avtomobilləri casusluq edirlər
İsrail ordusu Çin istehsalı olan rəsmi nəqliyyat vasitələrinin müsadirəsinə başlayıb.

meqale.com xarici mediaya istinadən xəbər verir ki, bu addım təhlükəsizlik xidmətlərinin Çin avtomobillərinin sistemlərinin casusluq və məxfi məlumatların toplanması üçün istifadə oluna biləcəyini müəyyən etməsindən sonra atılıb.

Məlumata görə, bəzi Çin istehsalı avtomobillər xarici serverlərə məlumat ötürən kameralar, mikrofonlar, sensorlar və rabitə modulları ilə təchiz olunub. Bu proses çox vaxt nə sürücünün, nə də idxalçının xəbəri olmadan baş verir.

"Məsələ yalnız kameralar və mikrofonlarla məhdudlaşmır. Müasir avtomobillər qapalı əməliyyat sisteminə və simsiz əlaqəyə malik təkərlər üzərindəki kompüterlərdir. Onlar yaxınlıqdakı obyektlərdən kəşfiyyat məlumatı toplaya bilirlər", - keçmiş yüksək rütbəli İsrail zabiti bildirib.

Qərara əsasən, avtomobillər mərhələli şəkildə müsadirə ediləcək. Əvvəlcə məxfi məlumatlara çıxışı olan zabitlərin istifadəsindəki Çin istehsalı avtomobillər, daha sonra isə digər hərbçilərin avtomobilləri yığılacaq. Prosesin 2026-cı ilin birinci rübünün sonuna qədər tamamlanacağı gözlənilir.

İsrail ordusunun məlumatına görə, ümumilikdə təxminən 700 nəqliyyat vasitəsi müsadirə olunacaq. Onların əksəriyyəti çoxuşaqlı zabitlərə verilmiş yeddi nəfərlik Chery markalı avtomobillərdir.

Ekspertlər hesab edirlər ki, İsrailin bu təcrübəsi gələcəkdə digər ölkələr üçün də nümunə ola bilər.