"Bu kənddə qazı olmayana qız vermirlər"

Astara rayonunun dağ kəndi Siyəküdə ağır sosial vəziyyət hökm sürür. Sakinlərin kütləvi şəkildə kəndi tərk etdiyi bildirilir.

Astara rayonunun dağ kəndi Siyəküdə ağır sosial vəziyyət hökm sürür. Sakinlərin kütləvi şəkildə kəndi tərk etdiyi bildirilir.

meqale.com xəbər verir ki, Baku TV-yə danışan kənd sakinləri illərdir üzləşdikləri problemləri dilə gətiriblər. Onların sözlərinə görə, kənddə qaz xəttinin olmaması gündəlik həyatı dözülməz hala salıb və bu, hətta ailə qurmağa belə ciddi maneə yaradır:

"Qız qapısına elçi gedəndə ilk soruşulan budur ki, qazınız var? Yoxdur deyəndə peşman olub geri qayıdırlar. Öz kəndimizdə belə bizə qız vermirlər, çünki qaz yoxdur".

Sakinlərin bildirdiyinə görə, Siyəküdə təxminən 25 ildir evlər tikilməyə başlanıb, lakin bu müddət ərzində ərazi əsas kommunal problemlərdən biri olan qazla təmin olunmayıb. Nəticədə bir çox ailə çarəsizlikdən kəndi tərk etməyə məcbur qalıb.

Kənd əhalisi mövcud vəziyyətin getdikcə daha da ağırlaşdığını vurğulayaraq, aidiyyəti qurumlardan kömək və problemin tez bir zamanda həllini xahiş edir. Onlar ümid edirlər ki, bu çağırışlar cavabsız qalmayacaq və Siyəküdə normal yaşayış şəraiti yaradılacaq.