Bakıya kameralı işıqforlar quraşdırıldı - Tıxaca nəzarət edəcək - VİDEO

Paytaxtda nəqliyyat axınının fasiləsiz hərəkətini təmin edən adaptiv svetoforlar quraşdırılıb.

Bakıya kameralı işıqforlar quraşdırıldı - Tıxaca nəzarət edəcək - VİDEO
Paytaxtda nəqliyyat axınının fasiləsiz hərəkətini təmin edən adaptiv svetoforlar quraşdırılıb.

meqale.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumatına görə, pilot layihə çərçivəsində Binəqədi rayonunda və bəzi əsas küçə kəsişmələrində bu sistem sınaqdan keçirilib.

İlkin olaraq Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan, Məsud Davudoğlu küçələrinin kəsişməsində, 115 nömrəli tam orta məktəbin qarşısında (piyada svetoforu), həmçinin Cəfər Xəndan küçəsi ilə Əhməd Rəcəbli, Anar Şükürov, İbrahimpaşa Dadaşov, Şövkət Məmmədova və Əlişir Nəvai küçələrinin kəsişməsində quraşdırılan belə svetoforlar sınaq müddətində işə salınıb.

Adaptiv svetoforlar ənənəvi işıqforlardan fərqli olaraq yol hərəkətinin intensivliyini sensorlar, kameralar və radarlar vasitəsilə ölçür. Toplanan məlumatlar real vaxt rejimində mərkəzi idarəetmə proqramına ötürülür və sistem avtomatik olaraq yaşıl işığın müddətini hərəkət vəziyyətinə uyğun tənzimləyir. Ənənəvi svetoforlar sabit qrafiklə işləyir, adaptiv sistem isə vəziyyət dəyişdikcə hərəkət axınına uyğunlaşır.

Pik saatlarda nəqliyyat axını artdıqda adaptiv svetoforlar yaşıl işığı daha çox yönəldir, qəza və ya yol bağlanması zamanı isə istiqamətlərin prioritetini dəyişərək yol yükünün balanslaşdırılmasına imkan yaradır. Sistem həmçinin az sıxlıq olan vaxtlarda vaxt itkisinin qarşısını almaq üçün optimal işıqlandırma təmin edir.

Xarici təcrübələrə əsasən, adaptiv svetoforların tətbiqi pilot layihədə nəqliyyat sıxlığını 15-30 faiz azaltması gözlənilir.