"Azəriqaz" həyət evinin cəriməsini binadakı mənzilə yazdı - "Protokola da özləri imza atıb" - ŞİKAYƏT

Abşeron rayonunun Xırdalan şəhərində yaşayan vətəndaş "Azəriqaz" trəfindən əsassız cərimələndiyini iddia edir.

Abşeron rayonunun Xırdalan şəhərində yaşayan vətəndaş "Azəriqaz" trəfindən əsassız cərimələndiyini iddia edir.

meqale.com-a müraciət edən vətəndaş Qabil Aşırov bildirir ki, 2019-cü ildə "Azəriqaz" tərəfindən 200 manat cərimələnib.

"Azəriqaz" tərəfindən vətəndaşın yaşadığı mənzildə aparılan yoxlama zamanı qaz sayğacından kənar, qeyri-qanuni təbii qaz istifadəsinin aşkar edildiyi bildirilib. Bununla bağlı qurum tərəfindən 1998 kubmetr həcmində ziyan hesablanaraq təxminən 200 manat məbləğində cərimə tətbiq edilib.

Aşırov Qabil isə iddialarla razılaşmadığını deyir.

Onun sözlərinə görə, cərimə bildirişində qeyd olunan pozuntu başqa ünvanda yerləşən həyət evində qeydə alınıb, lakin sənəd onun adına rəsmiləşdirilib:

"Mənim iştirakım olmadan protokol tərtib olunub, hətta protokolda mənim yerimə imza da çəkilib. Mən çoxmərtəbəli binada yaşayıram, amma həyət evindəki problemə görə mənə cərimə yazılıb. Cərimədən isə heç xəbərim də olmayıb və neçə müddətdir ki, bu cərimənin bir hissəsini xırda-xırda ödəmişəm".

Vətəndaş qeyd edir ki, "Azəriqaz"a müraciət də edib, lakin səhv protokol düzəldilməyib.