Azərbaycan dezinformasiyaya qarşı mübarizənin nə demək olduğunu hər kəsdən yaxşı anlayır - Cavid Musayev
Azərbaycan dezinformasiyaya qarşı mübarizənin nə demək olduğunu hər kəsdən yaxşı anlayır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və Kommunikasiya şöbəsinin Kommunikasiya Siyasəti sektorunun müdiri Cavid Musayev Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumunda çıxışında deyib.
"Bu gün Türkiyədə keçirilən forum sadəcə bir tədbir deyil - bu, bəyanatdır. Bu, xüsusi mənaya və böyük rəmzi dəyərə malik bir aktdır.
Biz informasiya ekosisteminin misli görülməmiş təzyiq və transformasiyalara məruz qaldığı dövrdə yaşayırıq. Geosiyasi dəyişikliklər, dezinformasiyanın yayılması, rəqəmsal məkanın xaosu, texnoloji inqilablar - bunların hamısı süni intellektin mərkəzi rol oynadığı yeni reallıq formalaşdırır.
Dünya dəyişir. Metodlar, təhdidlər dəyişir. Əgər hələ dünən təhdid deyəndə silahlı hücum nəzərdə tutulurdusa, bu gün - iqtisadi blokada, kiberhücum, informasiya təzyiqi nəzərdə tutulur. İnformasiya təhlükəsizliyinin pozulması artıq abstrakt təhdid deyil, suverenliyə birbaşa hücumdur", - deyə o vurğulayıb.
C.Musayev qeyd edib ki, hibrid təhdidlər gündəlik həyatın bir hissəsinə çevrilib:
"İstənilən ölkə, öz kimliyini qorumaq istəyirsə, informasiya məkanına xarici müdaxiləyə qarşı öz müdafiə mexanizmlərini formalaşdırmalıdır. Burada söhbət yalnız dövlət təhlükəsizliyindən getmir. Hər bir vətəndaşın, hər bir ağlın, hər bir canın təhlükəsizliyi təhdid altındadır".
Onun sözlərinə görə, bu gün informasiyanın qorunması yalnız milli təhlükəsizliyin bir komponenti deyil, onun təməlidir:
"Forumun əlaqələndiricisi Burak Özkeminin də qeyd etdiyi kimi, informasiya təhlükəsizliyi real suverenliyin ayrılmaz hissəsidir. O, tamamilə yerində olaraq buna misal kimi Qarabağ hadisələrini göstərdi.
Azərbaycan dezinformasiyaya qarşı mübarizə nə demək olduğunu hər kəsdən yaxşı anlayır. Biz bunu öz təcrübəmizdən bilirik. Beş il əvvəl, ordumuz işğal altında olan torpaqları azad etməyə başlayanda, paralel olaraq bizə qarşı qlobal media məkanında qarayaxma kampaniyası baş qaldırmışdı.
Bu, qərb kanalları, sosial platformalar, saxta narrativlər vasitəsilə edilən kütləvi hücumlar idi . Amma biz geri çəkilmədik. Dik durduq. Və bu gün artıq öz mexanizmlərimiz, resurslarımız var. Biz qarşılıq verməyi öyrəndik.
Biz beynəlxalq mediaya qapılarımızı açdıq. Xarici jurnalistlər gəldi və hər şeyi öz öz gözləri ilə gördülər - dağıdılmış şəhərləri, açılan atəşləri , dinc insanların iztirablarını. Hər gün brifinqlər keçirdik, düzgün və xronoloji dəqiq məlumat verdik və bu, saxta xəbərlərə qarşı ən yaxşı əks-hücum idi."
C.Musayev əlavə edib ki, Prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsi dövründə xarici mediaya 30 müsahibə verib:
""BBC", "CNN", "Euronews", "Al Arabiya", "France 24", "TRT", "Anadolu Ajansı" - hamısı həqiqəti birbaşa eşitdi. Əsl Ali Baş Komandan hibrid müharibə şəraitində məhz belə davranır."
Sektor müdiri qardaş ölkələrin, xüsusilə Türkiyə mediasının Azərbaycanın yanında olduğunu vurğulayıb:
"Biz hücumları çiyin-çiyinə dəf etdik. Və məhz həmin dövrdə, bu mübarizənin ən yüksək məqamında, Azərbaycan və Türkiyənin birgə informasiya platformasının yaradılması ideyası meydana gəldi.
Beş il keçib. Birlikdə çox iş gördük. Bu gün biz bu işi davam etdiririk. Əməkdaşlığı dərinləşdiririk, birgə platformanı möhkəmləndiririk, dezinformasiyaya qarşı birgə fəaliyyət mexanizmlərini inkişaf etdiririk. Mən əminəm ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində belə platformanın yaradılması vacib və vaxtında atılmış addımdır.
Biz bir ailəyik. Ortaq tariximiz, mədəniyyətimiz, dəyərlərimiz, hüquqi əsaslarımız var. Bu sadəcə alyans deyil - bu, Uca Tanrının bir bəxşişidir. Biz bu birliyi gücləndirməliyik."
C.Musayev son illərdə Türk Dövlətlər Təşkilatının, xüsusilə media və informasiya sahəsində, əmin addımlarla irəlilədiyini vurğulayıb. İlk dəfə TDT üzv ölkələrinin media forumu məhz Azərbaycanda keçirildi. Bu gün isə tarixdə ilk dəfə informasiya və media nazirlərinin görüşü keçirilir, görüşdə dövlət və media nümayəndələri, eləcə də ekspertlər iştirak edir.
"Biz səylərimizi artırmalıyıq - manipulyasiyalara qarşı çıxmalı, informasiya dayanıqlığını möhkəmləndirməliyik. Amma bu kifayət deyil. Biz "media gigiyenası"ndan da danışmalıyıq - yəni burada söhbət sadəcə xəbəri oxumaqdan deyil, onun alt mətni, məqsədi, mənbəyini tanımaq bacarığından gedir. İnsanları tənqidi düşünməyi öyrətmək lazımdır. Çünki bu gün sosial şəbəkələr müharibə meydanına, manipulyasiyalar məkanına çevrilib. Əgər cəmiyyətimizi doğrunu yalandan ayırmağa öyrətməsək, şüur uğrunda müharibəni uduzmaq riski ilə üzləşə bilərik. Və biz məhz buna görə buradayıq.
Azərbaycan qlobal müzakirələrin mərkəzinə çevrilir. Biz artıq Şuşada üçüncü qlobal media forumunu keçirdik - işğaldan azad edilmiş, rəmzi şəhərdə. Tədbirin keçirildiyi yer də dünyaya bir mesajdır. Prezident İlham Əliyevin sözlərinə görə, Türk Dövlətlər Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir: "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır". Biz buna əminik. Bu sadəcə söz deyil. Bu strateji seçimdir. Və bu seçim birdəfəlik edilib", - deyə sektor müdiri bildirib.
Qeyd edək ki, Ankarada keçirilən forumda dövlət orqanlarının, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri və sahə üzrə ekspertlər iştirak edir. Azərbaycan tərəfini Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və Kommunikasiya şöbəsinin Kommunikasiya Siyasəti sektorunun müdiri Cavid Musayev, həmin şöbənin Kütləvi informasiya vasitələri ilə əlaqələr sektorunun müdiri Kamran Qasımov, həmin şöbənin KİV ilə əlaqələr sektorunun baş məsləhətçisi Pərvanə İbrahimova, Medianın İnkişafı Agentliyinin icraçı direktor müavini Natiq Məmmədli, Trend BİA-nın direktor müavini və "Baku Network" Analitik Mərkəzinin rəhbəri Elçin Alıoğlu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Cavid Vəliyev, eləcə də "APA" İnformasiya Agentliyinin Beynəlxalq Əlaqələr və Analitika Departamentinin rəhbəri Faiq Məmmədov təmsil edirlər.
Forum çərçivəsində dezinformasiyanın milli təhlükəsizliyə, ictimai rəylərə və regional sabitliyə təsiri, eləcə də müasir informasiya mühitində birgə fəaliyyətin praktik mexanizmləri müzakirə olunacaq. 2025-ci il üçün Türk Dövlətləri Təşkilatının informasiya sahəsində Fəaliyyət Planına uyğun olaraq forum media savadlılığı , informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal texnologiyalardan məsuliyyətli istifadə, beynəlxalq yayım və yeni nəsil jurnalistikası sahəsində bilik və təcrübə mübadiləsi platformasına çevriləcək. meqale.com