Aİ-nin Cənubi Qafqazda "alov" axtarışı - Külə dönən nüfuz...
Son günlər Avropa Parlamentinin gündəmində yenidən Azərbaycan mövzusu "lövbər salıb". Brüsseldən gələn səslər nə obyektivliyə, nə də regionun yeni reallıqlarına sığır. Görünən odur ki, bəzi dairələr Cənubi Qafqazda sülhün qoxusunu aldıqca həyəcanlanır və prosesi pozmaq üçün əllərindəki bütün rıçaqlardan istifadə etməyə çalışırlar. Bəs AP-nin bu canfəşanlığının arxasında əslində nə dayanır?
Dünyanın diqqəti ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən sülh gündəliyinə yönəldiyi bir vaxtda, Avropa İttifaqı (Aİ) və Ermənistan sanki fərqli havadadırlar. Maraqlıdır ki, son sənədlərdə Trampın təşəbbüsü olan TRİPP layihəsinin adı belə çəkilmir. Bu, sadəcə bir unutqanlıq deyil, bu, Vaşinqtonun sülh planlarını "ofsayd"da qoymaq cəhdidir. Brüssel və Paris sülhün müəllifliyini öz üzərinə götürmək üçün real nəticələri olan layihələri görməzdən gəlir.
AP daxilindəki bəzi "liberallar" regiondakı reallığı öz ideoloji eynəkləri ilə görmək istəyirlər. İllərdir Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü "müqəddəs" sayan bu qurum, söhbət Azərbaycandan düşəndə nədənsə "görmə qabiliyyətini" itirirdi. İndi isə həmin qərəzli yanaşma sənədləşmiş formalara çevrilib. Bu, beynəlxalq hüquq deyil, bu, açıq-aşkar ikili standartlar silsiləsidir.
Ermənistanda fəaliyyət göstərən Aİ-nin müşahidə missiyası (EUMA) son vaxtlar daha çox fəallaşıb. Amma bu fəallıq sərhəddə gərginliyi azaltmaq deyil. Aİ ilə Ermənistanın birgə addımları sanki Vaşinqtonda əldə olunan razılaşmaları pozmaq və hər şeyi yenidən Brüssel-Paris formatına qaytarmaq məqsədinə xidmət edir.
Aİ-nin Azərbaycanın 5 gəmisinə sanksiya tətbiq etməsi isə dramın kulminasiya nöqtəsidir. Ermənistan son 4 ildə sanksiyalı malların Rusiyaya ötürülməsi üçün əsl "tranzit qovşağına" çevrilib. Lakin AP bu barədə hər hansı sanksiya hazırlamır, əksinə, susqunluğu ilə bu prosesə yaşıl işıq yandırır. Yunanıstan və Kipr gəmiləri hansı yükü daşıyır? Almaniya hələ də Rusiyadan böyük həcmdə neft almağa necə davam edir? Avropa istehsalı olan elektronika Ermənistan üzərindən necə "səyahət" edib Ukrayna cəbhəsindəki silahlara çevrilir?
Eləcə də, AP Azərbaycanda insan haqlarından dəm vurduğu halda, Ermənistanda 2025-ci ilin əvvəlindən bəri onlarla müxalifətçi və dini xadimin həbsinə "kar və kor" qalır. Daha maraqlısı isə odur ki, Avropa Parlamenti Ruben Vardanyan kimi Ukraynadakı müharibəni maliyyələşdirmiş oliqarxların azadlığı üçün çağırışlar edir. Bu, hansı məntiqə sığır? Bir tərəfdən Ukraynaya dəstək verdiyini deyib, digər tərəfdən o müharibənin sponsorlarını qorumaq siyasi riyakarlığın zirvəsidir.
Avropa İttifaqı bu gün ciddi daxili böhran yaşayır. ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyası da göstərir ki, Avropa artıq böyük siyasətdə öz ağırlığını itirir. Korrupsiya qalmaqalları ilə sarsılan (Metsola və Borrel kimi simaların adı keçən hadisələr), islamofob və türkofob meyillərlə zəhərlənən AP-nin bu gün Azərbaycana "dərs keçmək" cəhdləri sadəcə cılız görünür.
Azərbaycan öz yolunu milli maraqları üzərində qurub. Brüsselin kağız üzərindəki qərəzli qətnamələri Bakının regionda yaratdığı yeni reallığı dəyişə bilməyəcək. Avropa öz daxili "yanğınını" söndürmək əvəzinə Cənubi Qafqazda "alov" axtarmağa davam edərsə, sadəcə öz nüfuzunun son qalıqlarını da itirmiş olacaq.
İslam meqale.com