"Üç bacı" Bakıya qarşı: əvvəlcədən uduzulmuş oyun
Fransanın göstərişi və təlimatı ilə qurulan Yunanıstan-Kipr-Ermənistan triosu "hərbi ittifaq" kimi təqdim olunsa da, məğlublar dəstəsi təsiri bağışlayır
İyulun 5-də Kiprdə Yunanıstan, Kipr və Ermənistan arasında müdafiə məsələləri ilə bağlı üçtərəfli görüş keçirilib.
Nikosiyada Müzakirə formatında olan həmin görüşdə Ermənistanı ölkənin Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq və müdafiə siyasəti şöbəsinin rəisi Levon Ayvazyan təmsil edib.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə görüşun sonunda qəbul edilmiş qərarda üç ölkə arasında "bir sıra tədbirləri nəzərdə tutan" hərbi əməkdaşlıq sahəsində illik proqram təsdiqlənib.
Daha sonra iştirakçıları Kipri Milli Qvardiyanın komandanı, general-leytenant Dimokritos Zervakis qəbul edib.
Rəsmi İrəvanın açıqlaması erməni və yunan mediası tərəfindən az qala "Ermənistan ordusunun güclənməsi istiqamətində möhtəşəm perspektivlər yaradan anlaşma" kimi qələmə verilir.
Əslində isə bu görüş təqdim edildiyindən fərqli olaraq, rutin müzakirə olub.
Yunanıstanın təşəbbüsü ilə yaradılaraq Kipr və Ermənistanın cəlb olunduğu "Üçtərəfli kooperasiya proqramı" ("Tripartite Cooperation Program", TCP) çərçivəsində növbəti tədbir olan Nikosiya müzakirələri 2021-ci ildə başlanmış fəaliyyətin məntiqi davamıdır.
44 günlük İkinci Qarabağ Müharibəsindən az sonra rəsmi Afina ermənilərə "hərbi-texniki hamilik" etmək qərarına gəlmişdi. Yunanıstanın Müdafiə Nazirliyi Ermənistanla birbaşa hərbi əməkdaşlığın Avropa İttifaqı çərçivəsində təqdir edilməyəcəyini anladığından prosesə Kipri də qoşaraq "Üçtərəfli Kooperasiya Proqramı" adlı mücərrəd məqsədli format yaratmışdı.
2021-ci ildə Yunanıstan, Kipr və Ermənistanın xüsusi təyinatlı qüvvələrinin azsaylı mənsubları Kiprdə "Close Quarter Battle 2021" adlı birgə təlimlər də keçirmişdilər.
Ermənistana hərbi-texniki dəstəklə bağlı Afina ilə Nikosiyada səslənən bəyanatlara və İrəvana verilən bol vədlərə rəğmən, ermənilər belə "kooperasiya"dan yalnız təlimlər, seminarlar, səfərlər və toplantılar qismində bəhrələnə bilərlər.
Avropa İttifaqı Ermənistana aşkar şəkildə hərbi yardımlar etmək, silah və hərbi texnika satmaq niyyətində deyil.
Yunanıstanın birbaşa təkidlərindən sonra Ermənistan rəhbərliyi Brüsselə üz tutaraq "Avropa Sülh Vasitəsi" ("European Peace Facility", EPF) proqramı çərçivəsində hərbi-texniki dəstək və müvafiq maliyyə yardımları almaq, bu minvalla ordusunun qalıqlarını qismən də olsa, Silahlı Qüvvələr halına gətirmək istəyirdi.
Ermənistan parlamentinin spikeri Alen Simonyan Varşavada rəsmi səfərdə olarkən Polşanın dövlət başçısı Ancey Duda ilə bu barədə danışıb.
"Avropa İttifaqı EPF mexanizmləri vasitəsilə Ukraynaya, Moldovaya və Gürcüstana hərbi-texniki dəstək verir. Əfsuslar olsun ki, bizim müraciətimizə mənfi cavab verildi. Səbəb kimi də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün Avropa İttifaqının vasitəçilik səyləri göstərdiyi vurğulandı və bu səbəbdən "həssas mövzu"ya görə dəstək verilə bilməyəcəyi bəyan edildi", - A.Simonyan söyləyib.
Göründüyü kimi, A.Duda Aİ-nin yekdil mövqeyini İrəvana çatdıraraq, Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyasına başlanana qədər Ermənistana hərbi-texniki dəstəyin göstərilməyəcəyini deyib.
Bu, Brüsselin dəyişməyəcək mövqeyi olduğundan, İrəvan sürətlə silahlanmaq və ən əsası, ordusu üçün silah-sursatla yanaşı, hərbi texnikanı əldə etmək üçün maliyyə imkanları əldə etmək istiqamətində axtarışlar aparır.
Yunanıstan ermənilərin təlaşından xəbərdar olduğundan, İrəvana "müdafiə sahəsində əməkdaşlıq və tərəfdaşlıq" adı ilə hələlik erzas təsiri bağışlayan modeli təklif edib.
Qeyd etdiyimiz kimi, bu model çərçivəsində əməkdaşlıqla tərəfdaşlığın maksimal həddi birgə hərbi təlimlər, yunan hərbçilərin erməni "həmkar"larına təlimlər və treninqlər keçməsi, seminarlar, konfranslar və s. kimi tədbirlər ola bilər.
Sadalananlardan xaric yunanlar ermənilərə nə hərbi-texniki məqsədlər üçün maliyyə yardımı edə bilməyəcəklər, nə də Yunanıstan Silaşlı Qüvvələrinin balansında olaraq mənəvi-fiziki baxımdan köhnəlmiş hərbi texnikanı və sistemləri Ermənistana yollaya bilməyəcəklər.
Afina istəsə belə, EFP-ni əvəzləyə bilməz: səbəb trivialdır - Yunanıstan çox ağır maliyyə böhranından qurtulmağa çalışdığından özü Aİ-nin ayırdığı güzəştli kreditlər və yardımlar hesabına problemlərini qismən də olsa həll etmək, hiperinflyasiya şəraitindəki iqtisadiyyatı ilə investisiya cazibədarlığı səviyyəsi xeyli aşağı düşmüş maliyyə institutlarını dirçəltməyə çalışır.
Afina-İrəvan geosiyasi marşrutundakı təmasların aktivləşməsinin çeşidli səbəbləri olsa da, onların arasında ən əsası yunanlarla ermənilərin siyasi elitalarının Türkiyə və Azərbaycana olan kəskin antipatiyasıdır.
Tarixən Türkiyəni rəqib, əksər hallarda isə düşmən qismində görmüş Yunanıstanın siyasətçiləri və isteblişmenti 44 günlük İkinci Qarabağ Müşaribəsindən sonra ümumiyyətlə, əsəbləri tarıma çəkilmiş orqanizmi xatırladır. Əfsuslar olsun ki, rəsmi Bakının mehriban tərəfdaşlıq və fəal əməkdaşlıq ilə bağlı çoxsaylı təkliflərinə Afinanın cavabı ən yaxşı halda diplomatik kaziustika olub.
Afinanın məqsədi Türkiyənin bölgədə artan geosiyasi gücünün qarşısını almaq, bunun üçün effektiv rıçaqlara yiyələnmək məqsədilə Ermənistanı vasitə qismində görsə də, Fransanın yol verdiyi kobud səhvləri təkrarlayır.
Cənubi Qafqaz bölgəsində Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallıqları tam anlamayan, regionun lider ölkəsi əvəzinə merkantil məqsədlərini təmin etmək məqsədilə ən zəif ölkəyə üz tutan Yunanıstan ermənilərə fasiləsiz və bol vədlər verə bilər.
Lakin o vədlərin reallaşma ehtimalı həddən ziyadə az, bəzi hallarda isə total 0-a bərabərdir.
Yunanıstan, Kipr və Ermənistan kimi "üç geosiyasi bacı"nın dördüncü bacı Fransanın göstərişi ilə qurduqları triumvirat fəaliyyətə başladığı ilk gündəcə məğlubiyyət yolu ilə gedir.
Elçin Alıoğlu TREND