"TikTok həyatımı yaxşıya doğru dəyişdi"

Osman Ço: "TikTok həyatımı yaxşıya doğru dəyişdi".

Osman Ço: "TikTok həyatımı yaxşıya doğru dəyişdi".

TikTok-dakı məzmun çox rəngarəngdir, müxtəlif nəsillərə və maraqlara malik insanlara xitab edir. Burada musiqi, əyləncə, fitnes, yemək bişirmək, moda və daha bir çox kateqoriya daxil olmaqla geniş çeşiddə videolar təklif edilir. Bu kateqoriyalar arasında yemək bişirmək ən populyar növlərdən biri kimi seçilir. TikTok kontenti yaradıcıları öz sevimli reseptlərini paylaşır, ənənəvi mətbəxə yeni yanaşmalar edir və istifadəçiləri yemək bişirmək həvəsini inkişaf etdirməyə ruhlandırırlar.

Bəzi TikTok kontenti yaradıcıları həqiqətən fərqli üslublarına görə fərqlənirlər, bu da onlara rəqiblərini geridə qoymağa və böyük auditoriya cəlb etməyə imkan verir. Onlardan biri də qida kateqoriyasında Azərbaycanın ən çox izlənilən TikTok hesablarından birinin sahibi Osman Çodur. Osman Ço yemək bişirmək üçün dondakı buyük həvəsin necə yarandığından danışdı, yaradıcılığını ifadə etmək üçün ideal platforma kimi TikTok-a üstünlük verdiyini müzakirə etdi və platformada fəaliyyətinə yenicə başlayan həvəskar kontent yaradıcıları üçün öz təcrübələrini və dəyərli məsləhətlərini bölüşdü.

Özünüz haqqında məlumat verin.

28 yaşım var, bakılıyam. Əvvəlcə Fizika və Nanotexnologiyalar üzrə akademik təcrübəmə görə həyatımı və karyeramı dəqiq elmlər ətrafında quracağımı təsəvvür edirdim. Ancaq yemək bişirməyə həvəsim uşaqlıqdan güclü olaraq qalırdı. Nəhayət, həyat yolum məni əsl sevgimə - yemək dünyasına doğru istiqamətləndirdi!

İzləyicilərim bunu mənim Buğa bürcü olmağımla əlaqələndirirlər, amma mən özüm astrologiyaya inanmıram.

Kulinariya sahəsində və TikTok-da qida məzmunu yaradıcısı kimi yolunuzu necə başladınız?

Uşaqlıqdan yemək yeyərkən televizorda kulinariya proqramlarına baxmağı çox sevirdim, yeməklərimi sanki daha dadlı edirdi. Təbii ki, mənə maraqlı olan yeməkləri təkrarlamağa çalışırdım. Ən çox Ceymi Oliver və Jak Pepinin adlı aşbazların şoularına baxdım. Bakıda tələbə olanda italyan restoranında ofisiant işləməli oldum, orada tez-tez mətbəxə dəyirdim: aşpazları izləmək maraqlı idi və hətta onlara ərzaqları doğramağa kömək edirdim. Sonra magistr təhsili almaq üçün başqa ölkəyə köçməli oldum və tələbə olarkən yemək bişirməklə yaxından tanış oldum. Ev yoldaşlarım müxtəlif ölkələrin vətəndaşları olduğu üçün onların mədəniyyətini və milli mətbəxlərinin ləzzətlərini öyrənmək imkanım yarandı.

İstər geyim seçimləriniz, istərsə də məzmununuzda istifadə etdiyiniz musiqi baxımından seçilən unikal üslubunuz var. Bişirmək üçün yeməkləri və məzmununuzu tamamlamaq üçün musiqi seçərkən sizi nə ruhlandırır?

Məni ən çox ruhlandıran izləyicilərimin dəstəyi və şərhləridir. İşlərimi bəyənən olmasa idi məzmunu yarada bilməzdim. Davamlı dəstəyə görə izləyicilərimin hər birinə sonsuz minnətdaram, çünki onlar mənə irəliləmək üçün lazım olan motivasiyanı verirlər.

Siz ardıcıl olaraq bütün videolarınızın sonunda eyni hərəkətləri daxil edirsiniz. Bu xüsusi üslubu necə inkişaf etdirdiniz?

Videolarımı həqiqətən yaddaqalan etmək üçün izləyicilərdə qalıcı təəssürat yaradacaq unikal dəst-xətt fikirləşməyin vacibliyini dərk etdim. Romada olduğum müddətdə tez-tez rastlaşdığım "chef kiss" kimi tanınan jesti özümə uyğun gördüm. Bu jest aşpazların yeməkdən məmnun olduqlarını ifadə etmək üçün etdiyi öpüş hərəkətini ehtiva edir.

Videolarıma bu jesti daxil etməklə, şəxsi brendimi yaratmağa kömək edən fərqli bir toxunuş əlavə etdim. Videolara yaddaqalan elementlərin daxil edilməsi strategiyası çoxsaylı prodüserlər və marketoloqlar tərəfindən istifadə edilən ümumi təcrübədir. Bu, kontent yaradıcılarına özlərini fərqləndirməyə və məzmunlarını daha cəlbedici və tanınan etməyə imkan verir.

Niyə retro stili seçdiniz, sizi nə ilhamlandırdı? İzləyicilərə nə çatdırmaq istəyirsiniz?

Videolarımı TikTok-da paylaşmağa başlayanda müxtəlif üslublarla sınaqdan keçirdim. Təxminən 15 paylaşımdan sonra bir videonun əhəmiyyətli dərəcədə maraq cəlb etdiyini gördüm. Bu videoda fonda Polad Bülbüloğlunun "Şən Azərbaycan" mahnısı səslənirdi. Bu xüsusi videonun izləyicilər tərəfindən niyə rezonans doğurduğunu anlamağa çalışanda, onları xüsusilə retro formata cəlb olunduğunu aşkar etdim.

Retro üslubun potensialını və populyarlığını dərk edərək, onu mənimsəmək və məzmunumda daha da inkişaf etdirmək qərarına gəldim. İşıqlandırma, rəng korreksiyası, geyim seçimləri və hətta təqdim olunan yeməklər kimi müxtəlif elementlərdə retro stilinə uyğunlaşdırdım.

Platformada ilk təcrübəniz necə idi?

TikTok platforması ilə ilk dəfə izləyici kimi tanış oldum. Bir neçə gün istifadə etdikdən sonra başa düşdüm ki, TikTok mənim marağıma uyğun videoları təklif edir və platformanın alqoritmləri elə ağıllı qurulub ki, keyfiyyətli məzmun yaradırsansa mütləq gec-tez çox sayda insan tərəfindən görüləcək.

TikTok-da necə məşhurlaşdınız? Videolarınız hansı anda baxış qazanmağa başladız?

Sadəcə davamlı şəkildə videolar paylaşıb, hər dəfə məzmunun keyfiyyəti üzərində işləyirdim. Təxminən 15-ci videodan sonra baxış və izləyicilərimin sayı artmağa başladı.

Videolarınızdan hansı ən çox bəyəndiyiniz videolardır? Niyə onlar?

Pişiyim Leo-nun yer aldığı videolar mənim üçün xüsusidir, çünki təəssüf ki, o, bu yaxınlarda vəfat edib və mənim daha onunla yeni videolar yaratmaq imkanım olmayacaq.

TikTok üçün məzmun yaratmağı hobbi hesab edirsiniz, yoxsa sizin üçün daha çox şeydir?

Hobbidən əlavə bu fəaliyyət geniş auditoriya ilə əlaqə yaratmaq və milli mətbəximizi, musiqimizi və mədəniyyətimizi qlobal miqyasda nümayiş etdirmək vasitəsi kimi xidmət edir. Bu, geniş auditoriya ilə əlaqə saxlamaq və zəngin irsimizi dünyaya tanıtmaq üçün əvəzsiz imkan yaradır.

TikTok həyatınıza hansı faydaları gətirdi? Yeni əlaqələr, yaradıcı inkişaf, pul qazanmaq imkanı? Başqa nə əlavə edə bilərsiniz? TikTok-da hesabınızı açdığınızdan bəri həyatınız hər hansı bir şəkildə dəyişdi?

TikTok mənim işimlə geniş auditoriyaya çatmaqda mühüm rol oynadı və mənim üçün böyük bir motivasiya mənbəyi oldu. Həyatım, şübhəsiz ki, yaxşılığa doğru dəyişdi. İnsanlar tərəfindən təkcə onlayn deyil, həm də real həyatda tanınmağa və dəstək almağa başladım, yeni əlaqələr və imkanlarla qarşılaşdım.

- Azərbaycanda TikTok-da qida ilə bağlı məzmunun səviyyəsinə münasibətiniz necədir?

Azərbaycanda TikTok və digər platformalarda yaradıcı həmkarlarım tərəfindən hazırlanan yüksək standartlara uyğun qida məzmununları ilə qarşılaşmaq mənim üçün qürurvericidir.

TikTok-da izlədiyiniz qlobal və ya yerli kontent yaradıcıları varmı? Onlar kimlərdir və niyə xoşunuza gəlir?

Daimi olaraq izlədiyim yerli yaradıcı çoxdur, onların adlarını demək istəmirəm, çünki kimisə unutsam xətirlərinə dəyə bilərəm. Xarici yaradıcalardan ən çox Gordon Ramsay (@gordonramsayofficial), QCP (@itsqcp), Buse Zeynepi (@busezeyneppp) izləyirəm. Onlar da kulinardırlar və yemək bişirmə/təqdimat tərzlərini çox bəyənirəm.

TikTok-da öz hesablarına yeni başlayan və populyarlıq qazanmaq istəyən insanlara nə məsləhət görərdiniz?

Uğur qazanmağın yolu ardıcılıq, intizam və daimi öz üzərində işləməkdir. Həftədə ən azı 2 video yerləşdirməyə və hər bir videonu əvvəlkindən daha yaxşı etməyə çalışın.