Terapevtdən elektron siqaretlə bağlı XƏBƏRDARLIQ
"Elektron siqaretə münasibətdə cəmiyyətdə yanlış bir təsəvvür formalaşıb. Bir çox insan düşünür ki, adi siqaret daha zərərlidir və elektron siqaretə keçməklə zamanla siqareti tamamilə tərgitmək mümkün olacaq. Bu yanaşma səbəbindən elektron siqaretlərdən istifadə halları artmaqdadır. Lakin elektron siqaretlər də adi siqaretlər qədər zərərli hesab olunur".
Bu fikirləri terapevt Həbib Sahratov meqale.com-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, adi siqaret tütün məmulatından hazırlanır və yanma prosesi zamanı nikotin turşusu, eləcə də karbon monoksid kimi zərərli maddələr əmələ gəlir. Bu maddələr tüstü ilə birlikdə orqanizmə daxil olur və əsas zərəri də məhz bu komponentlər törədir.
H.Sahratov nəzərə çatdırıb ki, uzunmüddətli istifadə damar divarlarında ateroskleroz prosesinin yaranmasına, eləcə də tənəffüs yolları və mədə-bağırsaq sistemi daxil olmaqla müxtəlif onkoloji xəstəliklər üçün zəmin yaradır.
Elektron siqaretlərdə isə mexanizminin fərqli olduğunu deyən terapevt əlavə edib ki, burada tütün deyil, tərkibində müxtəlif kimyəvi maddələr olan maye istifadə olunur. Bu mayenin qızdırılması nəticəsində nikotin və digər kimyəvi birləşmələr yaranır.
Mütəxəssis vurğulayıb ki, bəzi hallarda nikotinin miqdarı adi siqaretlə müqayisədə daha az olsa da, bu, elektron siqaretlərin zərərsiz olduğu anlamına gəlmir:
"Əksinə, elektron siqaretlərin tərkibində karsinogen xüsusiyyətə malik maddələr mövcuddur ki, bu da gələcəkdə tənəffüs yollarında və ümumilikdə orqanizmdə onkoloji xəstəliklərin yaranma riskini artırır".
H.Sahratovun dediyinə görə, elektron siqaretlərin yaratdığı sağlamlıq riski adi siqaretlərlə müqayisədə demək olar ki, eynidir:
"Hər iki məhsul zərərli vərdişlər sırasına daxildir və uzun müddət istifadəsi damar xəstəlikləri və onkoloji xəstəliklərin yaranmasında əsas risk faktorlarından biri hesab olunur".