Tanınmış futbolçu “qırmızı bülleten”lə axtarışa verildi - FOTO
İstanbul Respublika Baş Prokurorluğu keçmiş futbolçu Batuhan Karadeniz haqqında qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində qırmızı bülleten verildiyini açıqlayıb.
meqale.com xəbər verir ki, prokurorluğun qərarı ilə Karadenizin bütün daşınar və daşınmaz əmlakına, şirkət və ortaqlıq paylarına, bank və investisiya hesablarına, həmçinin kriptovalyuta aktivlərinə həbs qoyulub. Məlumata görə, Karadeniz istintaq başlanandan sonra Türkiyəni tərk edərək Gürcüstana qaçıb.
Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan yoxlamalarda Karadenizin sosial media hesabları vasitəsilə qanunsuz mərc və qumar oyunlarını təbliğ etdiyi, qeyri-qanuni mərc saytları üçün reklam yayımladığı və "cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasında" iştirak etdiyi müəyyən olunub.
Bu səbəbdən onun barəsində qırmızı xəbərdarlıq (qırmızı bülleten) çıxarılıb.
İstintaqda daha kimlər var?
Qeyri-qanuni mərc reklamları ilə məşğul olmaqda şübhəli bilinənlər arasında bir sıra tanınmış şəxslər var: Serdar Ortaç, Mehmet Ali Erbil, Batuhan Karadeniz , sosial media fenomenləri: İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam.
Ümumilikdə 23 nəfər haqqında araşdırma aparılır.