Sürüşmə olan yolda hərəkət bərpa edildi - YENİLƏNİB - FOTO

09:09

Sürüşmə olan yolda hərəkət bərpa edildi - YENİLƏNİB - FOTO
09:09

Muğanlı-İsmayıllı istiqamətində xidməti yolda yaranmış məhdudiyyət aradan qaldırılıb.

Bu barədə meqale.com-a AAYA-nin mətbuat katibi xəbər verib. O bildirib ki,Ötən gün axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci km-də aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmə qeydə alınıb.

Dərhal sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, sürücülər alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yoluna (Ağsu aşırımı) yönəldilib.

Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkəti qismən bərpa olunub. Hazırda ərazidə sürüşmənin fəsadlarının tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, sürüşmə əsas yolda deyil, müvəqqəti salınmış xidməti yolda baş verib. Əsas yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması hazırda davam edir.

Bir daha yaranan müvəqqəti narahatlığa görə üzr istəyirik.

---------- 29.06.2023 23:50

Bu gün axşam saatlarında Bakı-Şamaxı-Qəbələ yolunda sürüşmə baş verib.

meqale.com "qafqazinfo"ya istinadən xəbər verir ki, artıq hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, sözügedən yolda saatlardır böyük tıxac yaranıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, Muğanlı-İsmayıllı istiqamətində tikinti ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmələr qeydə alınıb:

"Sözügedən hissələr üzrə avtonəqliyyat vasitələrinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə gecə saatlarında təmir işləri icra olunacaq. Bu səbəbdən Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Qeyd olunan müddət ərzində sürücülərdən alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolundan (Ağsu aşırımı) istifadə etmələri tövsiyə olunur".