Sürücülərin NƏZƏRİNƏ: 40 manat cərimələnə bilərsiniz
Qarlı və yağışlı havalarda avtomobillərin palçıq içində olması sürücülər arasında tez-tez müzakirə olunan məsələlərdəndir. Bəs belə hallarda sürücülərə cərimə tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı konkret.az-a hüquqi şərh verən hüquqşünas Tağı Hüseynov bildirib ki, qanunvericilikdə avtomobilin sadəcə çirkli olmasına görə cərimə nəzərdə tutulmayıb. Onun sözlərinə görə, qarlı və ya yağışlı havada avtomobildən palçığın yerə düşməsi yol hərəkət hissəsini çirkləndirmirsə, bu hal inzibati məsuliyyət yaratmır.
Hüquqşünasın sözlərinə görə, yalnız bir istisna mövcuddur. Belə ki, avtomobilin dövlət qeydiyyat nişanları palçıq səbəbindən oxunmaz vəziyyətdə olarsa, bu artıq inzibati xəta sayılır. İnzibati Xətalar Məcəlləsinə əsasən, nömrə nişanlarının görünməməsinə görə sürücüyə 40 manat məbləğində cərimə tətbiq oluna bilər.
Beləliklə, avtomobilin qarlı havada palçıqlı olması cərimə üçün əsas deyil, lakin nömrə nişanlarının aydın görünməsi sürücülər üçün mütləq şərtdir.