Sülh gündəliyini Azərbaycan irəli aparır, Avropa isə susur: ikili standartlar daha açıq görünür
Azərbaycan öz ərazilərini özü azad edərək tam suverenliyini bərpa edib və regionda yeni siyasi reallıq formalaşdırıb.
meqale.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib.
O, qeyd edib ki, Avropa-Azərbaycan münasibətlərində birinci tərəfin qeyri-standart yanaşması son 30 ildə davamlı şəkildə müşahidə olunub:
"Təəssüf ki, xüsusən Avropa Parlamentlərində fəaliyyət göstərən müxtəlif lobbi qrupları, o cümlədən anti-Azərbaycan dairələri bu illər ərzində Azərbaycana qarşı müxtəlif istiqamətli təzyiq mexanizmlərindən, eləcə də parlament platformalarından istifadə ediblər. Xarici siyasət alətlərində anti-Azərbaycan mövqeyi ilə seçilən həmin qüvvələr müstəqil siyasət yürüdən və milli maraqlarını müdafiə edən Azərbaycanı qəbul etmək istəmirlər. Bu baxımdan, onlar regional maraqlarını dağıdıcı münasibətlər üzərində və ya özlərinin formalaşdırdığı hakimiyyətlər vasitəsilə qurmağa çalışırlar. Bu mənada, Ermənistanın müxtəlif mərkəzlərinin və nümayəndə heyətlərinin Azərbaycana səfəri, özü də Azərbaycan təşəbbüsü ilə - regionda sülh prosesinin yekunlaşdırılması istiqamətində vacib addım kimi qiymətləndirilə bilər".
Ekspertin fikrincə, bölgədə sülhün əldə olunması həm regional əməkdaşlığa, həm də birbaşa inkişafa xidmət edəcək. Çünki Azərbaycan və Ermənistanın yerləşdiyi Cənubi Qafqaz regionu Şərqlə Qərb, Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır:
"Ukrayna-Rusiya müharibəsi, eləcə də Yaxın Şərqdəki qarşıdurmalar fonunda Azərbaycandan keçən nəqliyyat və enerji marşrutlarının, o cümlədən Zəngəzur dəhlizinin əhəmiyyəti daha da artır. Bu kommunikasiyalar bölgənin qlobal ticarət və enerji xəritəsində rolunu yüksəldir və bundan ən çox faydalanacaq tərəf Avropadır. Eyni zamanda, Azərbaycan Avropanın təhlükəsizliyi və enerji təchizatında mühüm tərəfdaşdır. Son dörd ildə Avropanın üzləşdiyi sınaqlar da bunu açıq şəkildə göstərdi və həmin böhranların yaranmasında onların öz yanlış xarici siyasət qərarlarının böyük rolu olduğu ortaya çıxdı. Azərbaycanın mina təmizlənməsi, müharibə nəticələrinin aradan qaldırılması, bərpa və Böyük Qayıdış proqramları ilə bağlı fəaliyyətlərində Avropa İttifaqının ciddi iştirakı müşahidə edilməyib".
O, qeyd edib ki, işğal faktı və nəticələrin aradan qaldırılması prosesində də Avropanın qurumları kifayət qədər prinsipial mövqe ortaya qoymadı. Buna görə də Azərbaycan ictimaiyyətinin Avropaya dair tənqidi mövqeyi kifayət qədər əsaslı və obyektivdir:
"Avropa İttifaqının bölgəyə göndərdiyi missiyanın fəaliyyəti də bəzən münaqişə risklərini artıran şəkildə təqdim olunur və hətta xəritələşdirmə proseslərinə təsir göstərə biləcəyi ehtimalları narahatlıq doğurur. Bu səbəbdən yaxşı olardı ki, Avropa İttifaqı, ümumilikdə Avropa dövlətləri və müxtəlif Avropa institutları Azərbaycana qarşı sərgilədikləri ədalətsiz mövqedən imtina etsinlər. Çünki bu mövqenin nəticələrini onlar qlobal miqyasda artıq gördülər. Rusiya-Ukrayna müharibəsi bunun açıq göstəricisidir. Qlobal güc mərkəzlərinin, o cümlədən ABŞ rəhbərliyinin Avropa barədə səsləndirdiyi fikirlər də həmin siyasətin mahiyyətini aydın şəkildə ortaya qoyur".
Siyasi eksperti İlyas Hüseynov isə Trend-ə açıqlamasında vurğulayıb ki, avqustun 8-də Ağ evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması Cənubi Qafqazda yeni bir mərhələni yaradıb:
"Müxtəlif sahələrdə görüşlər, təmaslar təşkil edilir. Bu yaxınlarda Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri İrəvana səfər ediblər. Eyni zamanda Ermənistan beyin mərkəzinin nümayəndələrinin də Azərbaycana səfəri baş tuta bilər. Bütün bunlar xalqları sülhə hazırlamaq, ictimai diplomatiyanı genişləndirmək və sülhü qalıcı etmək üçün atılan addımlardır".
Ekspert qeyd edib ki, Azərbaycan torpaqları işğal altında olanda Avropa İttifaqı tərəfindən heç bir praktiki addım atılmırdı, işğalçıya qarşı qətnamələr yetərsiz idi:
"Bu gün Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi istiqamətində Avropa İttifaqı həmin ölkəni ardıcıl dəstəkləyir, maliyyə yardımları ayırır. Ukraynanın minatəmizləmə fəaliyyətinə milyonlar ayrılır. Halbuki Azərbaycanda da genişmiqyaslı minatəmizləmə fəaliyyəti aparılır, lakin Avropa İttifaqının dəstəyini ölkəmizdə görmürük. Azərbaycan dəmiryol və avtomobil şəbəkəsini yalnız öz hesabına həyata keçirir. Bu istiqamətdə Avropa İttifaqı Azərbaycanın maliyyə yükünə dəstək olmur. Bu da ictimaiyyətdə haqlı narazılıq yaradan məqamdır".
İ.Hüseynov bildirib ki, Ermənistan ərazisində Avropa İttiqanın dırnaqarası mülki missiyasının ölkəmizin ərazisinə hələ də binoklla baxmasını görürük.