Robotlar bu 5 peşəni heç vaxt əvəz edə bilməyəcək
Süni intellekt hər keçən gün daha çox sahədə insan əməyini əvəzləməyə başlasa da, mütəxəssislər bəzi peşələrin süni intellektə qarşı dayanıqlı olduğunu bildirirlər.
meqale.com xəbər verir ki, TargetJobs şirkətinin apardığı yeni araşdırma süni intellektin hələ də insani instinktləri, emosional zəkanı və yaradıcılığı təqlid edə bilmədiyini ortaya qoyub.
Texnologiya nəhəngi Amazon ötən həftələrdə 14 min əməkdaşı işdən azad edərək avtomatlaşdırmaya keçdiyini açıqlayıb. Bu qərar süni intellektin əmək bazarına təsiri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Qlobal proqnozlara əsasən, süni intellekt 300 milyondan çox tam ştatlı iş yerini təsir altına ala bilər - bu da tarixdəki ən sürətli texnoloji inqilab deməkdir.
Ancaq mütəxəssislər bildirirlər ki, bütün peşələr eyni dərəcədə risk altında deyil.
Risk altında olan sahələr
Süni intellekt və alqoritmlər asanlıqla avtomatlaşdırıla bilən işləri daha tez ələ keçirə bilir. Bu sahələrə aşağıdakılar daxildir:
Məlumatların daxil edilməsi
Müştəri xidmətləri
Rutin inzibati işlər
Bəzi texniki və analiz rolları
Bu işlərdə süni intellekt həm daha sürətli, həm də xətasız işlədiyi üçün insan əməyinə ehtiyac getdikcə azalır.
Dünyanın sonuna qədər davam edəcək 5 peşə
1. Tibb və psixologiya Süni intellekt analiz və diaqnostika sahəsində köməkçi olsa da, empati qurmaq, hissləri anlamaq və emosional dəstək vermək qabiliyyətinə malik deyil.
2. Təhsil və şəxsi inkişaf Texnologiyanı emosional zəka ilə birləşdirə bilən müəllimlər, insanların formalaşmasında hələ də əsas rol oynayırlar.
3. Yaradıcılıq sahələri Dizayn, reklam, kino və ədəbiyyat kimi sahələrdə orijinallıq və duyğu hələ də yalnız insanlara məxsusdur.
4. Usta sənətkarlıq və texniki bacarıqlar İnşaat, elektrik, təmir və mühəndislik kimi fiziki bacarıq və çeviklik tələb edən işlər tam avtomatlaşdırmaya uyğun deyil.
5. Etika, hüquq və siyasət Süni intellektin sərhədlərini müəyyən edən qanunlar və etik prinsiplər hələ də insan qərarına əsaslanır.
TargetJobs-un araşdırmasına görə, insanları texnologiyadan fərqləndirən ən vacib xüsusiyyət, emosional və sosial zəkaları texnologiya ilə birləşdirmə bacarığıdır.