“Qalatasaray”ın keçmiş rəhbəri da daxil olmaqla 29 nəfər saxlanıldı - FOTO
Türkiyə futbolunda qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq genişlənib.
meqale.com xəbər verir ki, İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilən istintaq çərçivəsində, "Qalatasaray"ın keçmiş icraçı direktoru Erden Timurun da daxil olduğu 29 şübhəli barəsində həbs qərarı çıxarılıb.
İstintaq materiallarına əsasən, şübhəlilər arasında 14 futbolçu da yer alır. Bu futbolçuların öz komandalarının və ya rəqib komandaların oyun nəticələrinə mərc etdiyi bildirilir.
Bu gün səhər saatlarında İstanbul mərkəz olmaqla 11 vilayətdə eyni vaxtda həbs, saxlanma, axtarış və müsadirə əməliyyatları aparılıb. Prokurorluq tərəfindən verilən məlumata görə, əməliyyatlar çərçivəsində çoxsaylı rəqəmsal cihaz və maliyyə sənədləri müsadirə olunub.
İstintaq sənədlərində Erden Timurun 26 oktyabr 2024-cü il tarixli Kasımpaşa-Samsunspor oyunu ilə bağlı mərc fəaliyyəti ilə əlaqələndirildiyi, bank hesablarında şübhəli maliyyə əməliyyatlarının aşkarlandığı bildirilib. Bu əməliyyatların 6222, 5549 və 7258 saylı qanunların pozuntusu çərçivəsində qiymətləndirildiyi qeyd olunub.
Prokurorluq məlumatına görə, saxlanılan 29 şübhəlidən 14-ü aktiv futbolçudur və onların oyun nəticələrinə birbaşa təsir edə biləcək mərclər etdiyi iddia olunur.