Laçınım, Zəfərim mənim...

"Tanrının bizə ən böyük neməti bu torpaqlardır. Bu vətəndir! Səhradır, qumsallıqdır, hər tərəf cadar olmuş ərazilərdir. Amma Tanrı bizə bu torpaqları verdi - unutmayaq bunu. İllərlə daxmada yaşasam da, dərdimiz yox artıq. Çünki Vətənə qayıtdıq..."

Laçınım, Zəfərim mənim...
"Tanrının bizə ən böyük neməti bu torpaqlardır. Bu vətəndir! Səhradır, qumsallıqdır, hər tərəf cadar olmuş ərazilərdir. Amma Tanrı bizə bu torpaqları verdi - unutmayaq bunu. İllərlə daxmada yaşasam da, dərdimiz yox artıq. Çünki Vətənə qayıtdıq..."

İsrailin mərhum, əfsanəvi baş naziri Qolda Meir söyləmişdi bu sözləri. Yəhudilər Təl-Əviv ətrafındakı bomboz, yanmış, kollu torpaqlarda həyata başlayanda deyilən bu kəlmələri indi İsrailin az qala hər vətəndaşı bilir.

... Sabah Zəfər günümüzdür.

Onillərlə çalışdıq, gözlədik. Vədə yetişdi. Ali Baş Komandan və Ordu qələbəni Vətənə verdi.

Böyük Qayıdış yaşanır indi. İfadədəki kəlmələrin böyük hərflərlə yazılışı pafos deyil, reallığın təzahürüdür.

Qayıdış böyükdür gerçəkdən də - onillər ərzində düşmən əsirliyində, erməni tapdağında qalmış yurd yerlərimiz yenidən vətənləşir, özünü gözləyən kəndlər və şəhərlər özünə gəlir.

Həmin məkanlara dönən ailələr sadəcə, coğrafi məkan baxımından yerdəyişmə etmir - torpaqları həyatla, yaşamla qaytarılar.

Böyük, Qayıdış...

Cəmi üç il əvvələdək bunu arzulayırdıq, xəyal ediridik. Qəlbimizdə qıvrılan istək, şüurumuzdakı nisgil, ruhumuzdakı kədər qəddimizi əymişdi.

Birinci Qarabağ Müharibəsində 22 min şəhid verdik, amma Şuşa, Xankəndi, Əsgəran, Xocalı, Ağdam, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər - daha neçə-neçə şəhərlər, rayonlar, qəsəbələr, kəndlər düşməndə qaldı.

Torpaqlarımızın 20 fiazi düşmən işğalında, qəlbimizlə şüurumuzun 100 faizi qayıdış arzusunda idi.

İndisə zaman, dövran və ən əsası, biz dəyişmişik.

Məcburi köçkün kimi tərk edilən torpaqlara Zəfərə nail olan, Qələbəni yaşadan və yaşatdıran, Şanlı Əsgər və Müzəffər Ali Baş Komandanlı qürurlu xalq kimi dönürük.

Qayıdırıq. Ərazilərimizin bütövlüyü ilə ruhumuzun da tam bərpa olduğu vaxtdır indi.

Sabah Xankəndində hərbi paradımız olacaq.

Çox yox, üç il əvvəl bu cümləni oxusaydınız, hansı hisslər keçirirərdiniz, nələr yaşayardınız?

Üç il əvvəl laçınlı anamız, bacımız, qardaşımız səhər alatoranında avtobusa oturub şəhərinə, kəndinə qayıdacağını bilsəydi, nə düşünərdi, nə edərdi?

Düşündünüzmü?

... Sosial şəbəkələrdə bir video yayılıb. Laçına qayıdan şəxs, Qayıdışı yaşayan əzizimiz narazılıq edir.

Kiçik, amma çox cüzi məişət nöqsanı onu hiddətləndirib.

Anlayıram, Bakıdan Laçına yollanıb, orada onun və ailə mənsubları üçün inşa edilmiş evdə problem tapıb, narazı qalıb, danışıb.

Narazı qalmaq, söylənmək və söyləmək hüququdur bu əzizimizin.

Amma gerçəkçi olan, haqqı deyək və həqiqəti görək.

30 illik düşmən işğalına son qoyub torpaqlarımızı azad etdik, sərhədlərimiz və suverenliyimiz tam bərpa olundu, Xankəndindəki separatçı xuntanın mövcudluğuna son qoyuldu.

Lakin düşməni iti qovan kimi qovduğumuz ərazilərdə sakit ölümlər - minalar - torpaqlardadır. On minlərlə, yüz minlərlə mina ərazilərimizə qənim kəsilmiş Domokl qılıncıdır sanki: hər an fəsadı ola bilər. Minaların təmizlənməsi çətin, amma mütləq başa çatdırılacaq labüd prosesdir.

Ərazilərin bərpası, yaşayış məntəqələrinin bərpası, infrastruktur və binaların tikintisi - bütün bunlar milyardlarla manat vəsait tələb edən nəhəng layihələrdir.

Həmin pullar büdcəmizdən ayrılır, işləri özümüz görürük.

Vədlərdən başqa Azərbaycana heçnə verməyən Qərb ölkələri və beynəlxalq təşkilatlar indiyədək nə 1 avro, nə 1 dollar maliyyə ayırmayıblar Qarabağdakı fövqəladə miqyaslı işlərə.

Bütün bunları biliriksə, sadaladığım məqamların heç biri sirr deyilsə, Laçındakı evlərdən birində əlüzyuyanın və ya qapının cəftəsinin "işlək olmaması"nın hansı səviyyəli "problem olması"ndan bəhs etmək belə, istəmirəm.

Laçınlı əzizlər özləri də bilmədən və istəmədən - buna tam əminəm - üç ildir goreşənlər kimi pusquya yatmış adamlara, təşkilatlara, qruplara və dəstələrə sosial şəbəkələrdə "müzakirə"lər üçün mövzu verdilər.

O adamları, dəstələri hamımız tanıyırıq, Laçındakı mağara və zağaların qaranlığından da zülmət olan küdurətli, rəzil və murdar xislətlərinə də bələdik.

Məhz bu individlər, xüsusilə də Azərbaycan müxalifətinin çoxdan tarixin zibilliyinə atılmış radikal kəsimi ilə xarici ölkələrə sığınmış "müstəqil bloqer" adlı kollabarantlar səs-səsə veriblər.

Olsun, onları tanıyırıq.

Bu tiplər zavallı, biçarə və yazıq varlıqlardır.

Yolumuza əngəl, planlarımıza maneə, istəklərimizə sədd ola bilməyiblər, bilməyəccəklər də.

Böyük Qayıdış davam edir.

Azərbaycan bütünləşəndən sonra güclənir.

Gücümüz birlik, qüvvəmiz vəhdət, siqlətimiz ölkə və millətin gələcəyinə bitməz inamdır.

Vətənin nurunu görmək istəməyən yarasaların səslərinə fikir verməyən laçınlılar Laçındadır.

Yurddadır.

Düşmənin qaçaraq gedərkən yandırdığı evlərin, od vurduğu meşələrin bağrı olan sultan Laçında.

Niyə, bilirsinizmi?

Biz birlikdə güclüyük çünki.

Biz birlikdə Vətən, millət və ulusuq çünki...

Elçin Alıoğlu Mili.Az