İslamiada: Güləşçilərimiz daha 3 medal qazandı - YENİLƏNİB - FOTO

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında güləş yarışı davam edir.

İslamiada: Güləşçilərimiz daha 3 medal qazandı - YENİLƏNİB - FOTO
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında güləş yarışı davam edir.

meqale.com xəbər verir ki, bu gün sərbəst güləşdə 2, qadın güləşi üzrə isə 3 çəkidə mübarizə baş tutub.

Sərbəst güləş

İslam Bazarqanov (57 kq) ilk görüşündə iranlı Ali Momenijujadehə 4:2 hesabıyla, daha sonra isə əfqanıstanlı Sayed Zazayı tam üstünlüklə (11:0) məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə qırğızıstanlı Abdumalik Karaçova 3:9 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.

Əli Rəhimzadə (65 kq) debütdə türkiyəli Ahmet Dumana 5:1 hesabıyla qalib gəldikdən sonra misirli Səid Elqaşa heç bir şans tanımayıb - 10:2. Yarımfinalda iranlı 2 qat dünya çempionu və olimpiya mükafatçısı Rəhman Amuzada (0:7) uduzan həmyerlimiz bürünc medal uğrunda özbəkistanlı Ümidcan Cəlalovla güləşib və məğlub olub - 3:8.

Qadın güləşi

Ruzanna Məmmədova (62 kq) finaladək çeviklik və yüksək güləş texnikası nümayiş etdirib. O, ilk qarşılaşmasında fələstinli Ayla Mayalini vaxtından əvvəl (10:0) xalçadan məyus yola salıb. Daha sonra isə özbəkistanlı Nigina Sabirova üzərində inamlı qələbə qazanıb - 6:0. Ruzanna həlledici görüşdə nigeriyalı Ester Kolavole ilə üz-üzə gəlib. Məmmədova təcrübəli rəqiblə görüşdə əzmkar güləş sərgiləsə də, son saniyələrdə qələbəni əldən verib və debüt etdiyi İslamiadanı gümüş medalla başa vurub.

Nigar Mirzəzadə (68 kq) yarışa inamlı start verib. O, indoneziyalı Desi Sintaya 12:7 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, qırğızıstanlı Meerim Jumanazarovayla bacarmayıb - 1:12. Nigar bürünc medal uğrunda banqladeşli Həlimə Akterlə qarşılacaq. Zəhra Kərimzadə (76 kq) startda özbəkistanlı Sevincçoy Polvonovanı mübarizədən kənarlaşdırıb - 5:0. Gənc güləşçimiz 1/4 finalda kamerunlu Vilita Pelaqiyeyə uduzub - 0:10. Banqladeşli Həlimə Akter bürünc medal görüşünə çıxmadığı üçün Mirzəzadə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Sabah son 4 sərbəst güləşçimiz mübarizə aparacaq.