Diabet və piylənmənin gizli səbəbi tapıldı

ABŞ-nin Meyo Klinikasının alimləri müəyyən ediblər ki, hüceyrələrin qocalma prosesi piylənmənin, II tip şəkərli diabetin və metabolik sindromun inkişafında həlledici rol oynaya bilər.

Diabet və piylənmənin gizli səbəbi tapıldı
ABŞ-nin Meyo Klinikasının alimləri müəyyən ediblər ki, hüceyrələrin qocalma prosesi piylənmənin, II tip şəkərli diabetin və metabolik sindromun inkişafında həlledici rol oynaya bilər.

meqale.com xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Internal Medicine" (JIM) jurnalında dərc olunub.

Məlumata görə, siçanlar üzərində aparılan təcrübələr və insan toxumalarından götürülmüş nümunələr göstərib ki, yaş artdıqca orqanizmdə tədricən senesent hüceyrələr toplanır. Bu hüceyrələr bölünməyi dayandırır, lakin məhv olmur. Belə hüceyrələr xroniki iltihaba və maddələr mübadiləsinin pozulmasına səbəb olan maddələr ifraz etməyə davam edir. Bu isə qaraciyər, piy və əzələ toxumalarının fəaliyyətində pozuntulara, insulinə həssaslığın azalmasına və metabolik xəstəliklərin riskinin artmasına gətirib çıxarır.

Tədqiqatçılar qeyd ediblər ki, hüceyrə qocalması yalnız diabet və piylənmənin inkişafını sürətləndirmir, həm də orqanların ümumi fəaliyyətini zəiflədir, bioloji yaşlanmanı sürətləndirir. Buna görə də bu mexanizmə təsir göstərmək, yaşla bağlı pozuntuların profilaktikası və müalicəsi üçün perspektivli istiqamət hesab olunur.

Bu problemin həlli üçün alimlərin təklif etdiyi yanaşmalardan biri senoterapiyadır. Senoterapevtik preparatlar ya qocalmış hüceyrələri məhv edir, ya da onların zərərli təsirini bloklayır. Bundan əlavə, onlar orqanizmin təbii təmizlənmə mexanizmlərini, məsələn, faqositlərin aktivləşdirilməsi yolu ilə stimullaşdıra bilər. Faqositlər orqanizmdə məhv olmuş və deqradasiyaya uğramış strukturları aradan qaldıran hüceyrələrdir.

Mütəxəssislərin fikrincə, belə bir strategiya gələcəkdə metabolik pozuntuların müalicə və profilaktikasının əsasını təşkil edə bilər.

Gələcəkdə senoterapiya təkcə maddələr mübadiləsini yaxşılaşdırmaqla kifayətlənməyəcək, həm də aktiv ömür müddətini uzadaraq yaşla bağlı xəstəliklərin riskini azalda biləcək.