Böyük yanğında növbəti gün... - FOTOlar
Honkonqda son onilliklərin ən ağır yanğını nəticəsində ölənlərin sayı 44-ə çatıb, təxminən 300 nəfər isə itkin hesab olunur.
meqale.com xəbər verir ki, yanğın "Wang Fuk Court" yaşayış kompleksində baş verib və yanğınsöndürənlər gecə boyu üst mərtəbələrə çatmaqda çətinlik çəkiblər. Hadisənin sürətlə yayılmasına tikinti zamanı istifadə olunan qoruyucu şəbəkələr, bambuk konstruksiyalar və digər yanar materialların səbəb olduğu bildirilir.
Sakinlər təmir işləri zamanı təhlükəsizlik qaydalarına riayət olunmadığını, hətta pəncərələrin bağlı olması səbəbindən yanğın siqnalını eşitmədiklərini deyiblər. Bir çox sakin müvəqqəti sığınacaqlara yerləşdirilib, bəziləri isə ailə üzvlərinin itkin düşdüyünü bildirib.
Hadisə ilə bağlı üç tikinti rəsmisi iki direktor və bir məsləhətçi qəsdən adam öldürmə şübhəsi ilə həbs edilib. Polis onların ciddi səhlənkarlığa yol verdiyini açıqlayıb.
Təxminən 1200 xilasedici qüvvə yanğınla mübarizəyə cəlb olunub, 900-dən çox sakin isə sığınacaqlara köçürülüb. Dağıntılar, yüksək temperatur və nərdivanların hündürlüyünün çatmaması yanğınsöndürənlərin işini xeyli çətinləşdirib.
Bu hadisə Honkonqda II Dünya müharibəsindən bəri ən ölümcül yanğın kimi qiymətləndirilir.