Azərbaycan Milli İncəsənət Muzeyində "Vyana Balı” keçirilib - FOTO
Azərbaycan Milli İncəsənət Muzeyində Avstriya Səfirliyinin təşkilatçılığı ilə "İnklüziv Cəmiyyət üçün Vyana Balı" keçirilib.
Açılışda Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Avstriya səfiri cənab Tomas Şuller-Götzburq və xanımı Xan Tranq çıxış edərək layihənin mədəni müxtəliflik, dialoq və birgə dəyərlərin paylaşılması üçün əhəmiyyətini vurğulayıblar. Onlar qeyd ediblər ki, inklüziv cəmiyyət ideyası bu layihənin əsas mesajıdır və belə tədbirlər birliyi, qarşılıqlı hörməti və cəmiyyətlərarası bağları gücləndirir.
Tədbir Avstriyanın Azərbaycandakı Səfirliyinin həyata keçirdiyi "Körpülər salmaq" silsiləsinin final mərhələsi olub. Bu silsilə tədbirlər 2024-cü ildən etibarən Avstriya səfiri cənab Tomas Şuller-Götzburq və həyat yoldaşı xanım Xan Traq tərəfindən mədəniyyətləri birləşdirən, səmimi ünsiyyətə əsaslanan layihə kimi həyata keçirilib. Müxtəlif mədəni coğrafiyalardan gələn şəxsi hekayələrdən ilhamlanan bu təşəbbüs Avstriya, Azərbaycan və dünyanın fərqli ölkələrindən olan insanları bir araya gətirərək söhbət, paylaşım və qarşılıqlı anlaşma mühiti yaradıb.
Final mərhələsi olan Vyana Balı isə ənənəvi Avstriya bal mədəniyyətini bu dəfə inklüzivlik konsepti ilə birləşdirib. Məqsəd cəmiyyətdə müxtəlif sosial qrupları bir araya gətirərək gözəllik, mədəniyyət, tarix və inkluzivlik dəyərlərini birgə qeyd etmək olub.