Uşaqları telefon və planşetlərdən uzaq tutmaq üçün nə etməliyik? - Mütəxəssislərdən tövsiyyələr

Texnologiyanın cəlbediciliyi getdikcə artdıqca uşaqların telefon və planşetlərə bağlılığı valideynlərin əsas narahatlıqlarından birinə çevrilib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, azyaşlıların uzun müddət ekran qarşısında qalması onların beyin inkişafına, sosial bacarıqlarına və emosional sağlamlığına ciddi təsir göstərir.

Uşaqları telefon və planşetlərdən uzaq tutmaq üçün nə etməliyik? - Mütəxəssislərdən tövsiyyələr
Texnologiyanın cəlbediciliyi getdikcə artdıqca uşaqların telefon və planşetlərə bağlılığı valideynlərin əsas narahatlıqlarından birinə çevrilib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, azyaşlıların uzun müddət ekran qarşısında qalması onların beyin inkişafına, sosial bacarıqlarına və emosional sağlamlığına ciddi təsir göstərir.

Buna görə də müasir psixoloqlar uşaqları ekranlardan birdəfəlik ayırmağın deyil, onlara alternativ, inkişaf etdirici məşğuliyyətlər təqdim etməyin daha effektiv olduğunu bildirirlər.

"Uşağa alternativ təqdim olunmadan ekran asılılığı aradan qalxmaz".

Uşaq psixologiyası və nevroinkişaf sahəsində tanınmış fransız psixiatr Dr. Serge Tisseron (uşaqlar və rəqəmsal media üzrə ekspert, "3-6-9-12 qaydası"nın müəllifi) bildirir ki, uşağa yetərincə sosial və yaradıcı stimul təqdim olunmadıqda, o, ekrana emosional asılılıq kimi bağlanır.

Tisseronun fikrincə: "Uşağa real oyun və qarşılıqlı əlaqə təklif olunmadan ekran vaxtını azaltmaq mümkün deyil. Uşaq mühitdə zəngin fəaliyyət tapdığı anda ekran ikinci plana keçir".

Eyni mövqeni amerikalı pediatr, uşaq inkişafı üzrə araşdırmaçı Dr. Jenny Radesky də dəstəkləyir. Radesky uzun illərdir ki, uşaqların media istifadəsi və beyin inkişafı üzərində araşdırmalar aparır:

"Əl-fəaliyyətli oyunlar, konstruksiya, kəs-yapışdır, rəsm, bloklarla qurma, beynin icraedici funksiyalarını inkişaf etdirir. Bu fəaliyyətlər ekranın təmin edə bilmədiyi diqqət, planlaşdırma və yaradıcılığı gücləndirir".

Böyük Britaniyanın "Royal College of Paediatrics and Child Health" təşkilatının ekran istifadəsi üzrə mütəxəssisi, uşaq həkimi Dr. Max Davie isə qeyd edir ki, açıq hava vaxtı və fiziki aktivlik uşaqların həm psixoloji, həm də duyğu sabitliyini artırır:

"Gündəlik ən azı bir saat açıq hava fəaliyyəti ekran asılılığının qarşısını almağın ən təsirli yollarından biridir. Hərəkət, sosial oyun və təbiətlə təmas uşağın beynini sakitləşdirir".

"Telefonu əlindən almaq yox, uşağa münasibəti dəyişmək lazımdır"

Mövzu ilə bağlı meqale.com-a açıqlama verən psixoloq Sevda Əliyeva bildirir ki, uşaqlarda telefon və planşet asılılığının əsas səbəblərindən biri valideyn diqqətinin çatışmamasıdır.

Onun sözlərinə görə, ailədə ünsiyyət zəiflədikcə uşaq virtual məkana daha çox meyllənir və ekran maşınını "emosional boşluğu dolduran vasitə" kimi qəbul edir:

"Uşağın əlindən telefonu sərt şəkildə almaq problemi həll etmir. Əsas məsələ valideynlə övlad arasındakı münasibətin keyfiyyətini artırmaqdır. Uşaq diqqət, oyun və ünsiyyət aldıqda ekranlara maraq öz-özünə zəifləyir".

Sevda Əliyeva deyir ki, valideynlər əvvəlcə öz telefon istifadə vərdişlərini tənzimləməli, daha sonra övlad üçün maraqlı və davamlı məşğuliyyətlər təklif etməlidirlər.

O əlavə edir ki, məktəbli yaşda olan uşaqlara telefonu tam qadağan etmək sosial təcrid hissi yarada bilər. Buna görə sağlam balans yaradılmalı və ekran vaxtı valideyn nəzarəti ilə məhdudlaşdırılmalıdır.

Uşaqları ekrandan uzaqlaşdıran fəaliyyətlər

Mütəxəssislərin tövsiyə etdiyi "ekransız məşğuliyyətlər" aşağıdakılardır:

Park və həyət oyunları: qaçış, velosiped, top oyunları.

Rəsm, plastilin, gil, kağız və kartonla yaradıcılıq işləri.

Puzzle, domino, stolüstü oyunlar.

Kitab oxumaq və valideynlə birgə hekayə yaratmaq.

Mətbəxdə sadə yemək, xəmirdən fiqurlar hazırlamaq.

Ailə ilə birlikdə günlük gəzinti və ya fiziki fəaliyyət saatı.

Valideynlə xüsusi "ekransız vaxt" (məsələn: 18:00-20:00 arası ailə fəaliyyəti).

Uşaq inkişaf üzrə araşdırmalar göstərir ki, bu cür fəaliyyətlər həm ekran asılılığını azaldır, həm də nitq, diqqət, koordinasiya və sosial bacarıqların inkişafına ciddi dəstək olur.

Mütəxəssislərin rəyinə görə, ekran asılılığının qarşısını almağın ən effektiv yolu uşağa qadağa qoymaq deyil, həyatına daha zəngin və yaradıcı məşğuliyyətlər daxil etməkdir. Psixoloq Sevda Əliyeva da valideynlərin övladları ilə daha çox ünsiyyət qurmasının, birgə oyun və fəaliyyətə üstünlük verməsinin ekran istifadəsini təbii şəkildə azaltdığını bildirir.

Uşaqların texnologiya ilə sağlam münasibət qurması üçün əsas şərt - maraqlı real fəaliyyət, sevgi, diqqət və düzgün nümunədir.