Türkiyədə gecə bank kartlarından pul çıxarmağa məhdudiyyət
Türkiyənin Bank Tənzimləməsi və Nəzarəti Agentliyi gecə saatlarında kredit kartlarından nağd pul çıxarılmasına məhdudiyyətlər tətbiq edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb bank sistemlərinə edilən kiberhücumların və dələduzluq hallarının artması olub.
Yeni qaydalara əsasən, axşam saat 22:00-dan səhər saat 06:00-dək kredit kartından nağd pul çıxarmaq üçün şəxsiyyətin təsdiqlənməsi tələb olunacaq. Belə ki, kartda ID-çip olmalı, istifadəçinin telefonu isə NFC texnologiyasını dəstəkləməlidir.
Digər hallarda nağd pul çıxarılması yalnız məhdudiyyətlərin aradan qaldırıldığı gündüz saatlarında mümkün olacaq.
Nəşrin yazdığına görə, kredit kartları limitlərinin artması və mobil bankçılığın yayılması ilə dələduzların istifadəçi hesablarını qıraraq gecə saatlarında əməliyyatlar həyata keçirməsi halları artıb. Yeni tədbirin bu cür halların qarşısını alacağı gözlənilir.