Toğrul Əsədullayev "Kamançanın sehri" adlı solo konsertini təqdim edib - FOTO

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, kamança ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayev "Kamançanın sehri" adlı solo konsertini təqdim edib.

Toğrul Əsədullayev
Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, kamança ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayev "Kamançanın sehri" adlı solo konsertini təqdim edib.

Muğam, xalq mahnıları və bəstəkar əsərlərinin daxil olduğu konsert Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, akademik, yazıçı-pulisist Rafael Hüseynovun müəllifi olduğu "Axşam görüşləri" radio verilişinin Toğrul Əsədullayevə həsr olunan buraxılışının təqdimatı ilə başlanıb. Bir-birindəmn maraqlı ifalarla davam edən gecədə peşəkar ifaçıya həsr olunan filmdən bir hissə də nümayiş olunub. Konsertdə hər bir ifanın əhval-ruhiyyəsinə, musiqinin ladına uyğun poeziya nümunələri səslənib. Bədii qiraətçi Xəzər Süleymanlının təqdimatında notlarla həmahəng şeirlər gecəyə xüsusi rəng qatıb. Konsert proqramında ifaçının atası, Əməkdar artist, tanınmış kamança ifaçısı Mirnazim Əsədullayev çıxış edərək qonaqlara təşəkkür edib.

Görkəmli bəstəkarlar Fikrət Əmirov, Hacı Xanməmmədov, Cahangir Cahangirov, Rauf Hacıyev, Sevil Əliyeva, Eldar Mansurov, Ələkbər Tağıyev əsərləri ilə yanaşı caz improvizələr də tamaşaçılar tərəfindən böyük alqış və maraqla qarşılanıb. Həsən Rzayevin "Çahargah rapsodiyası" ilə yekunlaşan konsertin sonunda Toğrul Əsədullayev çıxış edərək tədbirin təşkilatçılarına və dəstək olanlara təşəkkür edib. 

Əsrarəngiz ifalar təqdim edən əməkdar artist kamançanın həzin səsinin sehrinə düşən dinləyicilərə gözəl bir musiqi axşamı bəxş edib.